1989 – cu ildə Bakı şəhərində anadan olub. Sabunçu rayonundakı 67
saylı tam orta məktəbdə oxuyub , A.D.B.S kollecini fərqlənmə ilə bitirib. Orta məktəb illərindən ədəbi – bədii yaradıcılığı həvəs göstərir. Respublika mətbuatında mütəmadi olaraq bədii və publistik yazılarla çıxış edir. “Ədalət” “Bütöv Azərbaycan ; kredo Təhsil problemləri” “Azərbaycan müəllimi qəzetlərində və Yurd” , “ Məşəl” , “Sənətkar jurnarllarında bədii” nümunələri işıq üzü görüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Qızıl qələm” media mükafatçısıdır.
“Duyğu Dənizi ; Qəlbimin harayı” adlı şeirlər kitabının, “Kompyuterə Texnoloji Yanaşma” adlı metodik vəsaitin müəllifidir. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim vəzifəsində çalışır.
SEVİRƏM
İmkan olsa, tut kasıbın əlindən,
Çıxar onu dərdin, qəmin selindən.
Əyilib öp bir yetimin telindən,
İnsanların mürvətini sevirəm.
Can fələklə hər gün bəhsə-bəhsədir,
Əcəl yolda, qulaqlarım səsdədir.
Ümidlərim həyat adlı dərsdədir,
Mən taleyin qismətini sevirəm.
At oynadır zəmanənin soyuğu
Solan deyil içimdəki bu duyğu
Nənələrin mənə miras qoyduğu,
Abırını, ismətini sevirım
Bir xoş sözlə, tənhaları dindirin,
Gözlərdəki dərdi, qəmi endirin.
Bu dünyanın mohnəti var çox dərin,
Ürəklərin şəfqətini sevirəm.
Aysel, zaman ömrü-günü toxuyar,
Arzularım pərdə-pərdə oxuyar.
Ümidlərim zəfər ətri qoxuyar,
Doğma elin qeyrətini sevirəm.
ÖMÜR VƏFASIZDIR
Dağlar bu dünyanın alın qırışı,
Dəryalar, dənizlər gözümün yaşı.
Qəlbində bu uca hikməti daşı,
Ömür vəfasızdır bu dünya kimi.
Soruş lalələrin qara xalından,
İbrət al həyatın qeylü-qalından,
Tutma iki əlli haram malından,
Ömür vəfasızdır bu dünya kimi.
Əzəldən dərdləri təzədi, tərdi,
Min ildi gözlərdən göz yaşı dərdi.
Milyon-milyon ömrü torpağa sərdi,
Ömür vəzafızdır və dünya kimi.
Aysel, bəxtin yolu dumandı, çəndi,
Ağrılar saçımdan bolyanan dəndi.
Fələyin qapısının çırpıb gedəndi,
Ömür vəfasızdır bu dünya kimi,
DOSTUM
Yer çoxdu dünyada sirli-soraqlı,
Yerin səmtinə dolanma, dostum.
Qəlbinin sirrini söyləmə yada,
Şirin vədələrə aldanma, dostum.
Mən ki, söyləmirəm, ölücanlı ol,
Deyirəm, qurt ürək, dəliqanlı ol.
Elində, obanda adlı-sanlı ol,
Qonşunla gileyli dolanma, dostum.
Tülküyə öcəşmə, aslana tay ol,
Hünər meydanında bir haqqı-say ol.
Yananda alovlan, kor ocaq olma,
Sönəndə minnətli sulanma, dostum
Həyat yollarında olma bədgüman,
Halallıq yolunu uca tut hər an.
Məhəbbət bulağın çağlayan zaman,
Gedib hər yetənə calanma, dostum.
MƏNİM BU SEVGİM
Bahara döndərdi duyğularımı,
Şipşirin eləyib yuxularımı.
Üstünə sərmişəm könül varımı,
Kövrək bir nəğmədir mənim bu sevgim.
Hər gün sevincimin dodağı qaçır,
Duyğular sinəmdə gül-çiçək açır.
Elə bil ruhuma işıq, nur saçır,
Kövrək bir nəğmədir mənim bu sevgim.
Çiçəyə bürünüb yaylaqlar kimi,
Pıçıldayır körpə dodaqlar kimi.
Çağlayır dumduru bulaqlar kimi,
Kövrək bir nəğmədir mənim bu sevgim.
Oxu könlümdəki eşqin sətrini,
Daim uca tutdum onun xətrini.
Ayselin ruhuna səpib ətrini,
Kövrək bir nəğmədir mənim bu sevgim.
VƏTƏN
Ömrümə ələnən ilahi nursan,
Ana laylası tək qəlbə dolursan.
Yamyaşıl geyinmiş gəlin olursan,
Bir özgə aləmdir baharın, Vətən.
Nəğməyə bələnib gözəl çağların,
Ərən oylağıdır uca dağların.
Könüllər oxşayır barlı bağların,
Ümid ətirlidir yolların, Vətən.
Aysel, bu torpaqda halallıq ara,
Zirvələr heykəldir namusa, ara.
Sənin sorağına gələn dostlara,
Sevinclə açılır qolların, Vətən.
Oxunub: 1 209