Bildiyimiz kimi, bu dünya sınaq, imtahan dünyasıdır. Nəyin ki, təkcə dünya, hətta geyim-kecim, yemək-içmək, pul, maşın, çoxlu övladlar və s. hamısı Allah tərəfindən insanı sınamaq, Allaha imanının olub-olmamasını; onun güclü və yaxud da ki, zəif olmasını isbat etmək üçün yalnız və yalnız müvəqqəti bir vasitələrdir. Ancaq çox təəssüflər olsun ki, tamahkar insan bunun fərqinə varmır və öz-özlüyündə gözünün gördüyü hər bir şeyi, hətta özünü belə tükənməz, əbədi sayır. Lakin, buna rəğmən, ölümün qəfildən onu yaxalayacağından isə bixəbər şəkildə yaşamaqda, haram-haram işlər ilə məşğul olmaqda çəkinmədən davam edir. Bu, nə bəşəri dəyərlərə sığır və nə də ki, Allah qatında bəyənilən ola bilər. Əgər Allah bir insana var-dövlət, nemət əta etmişdirsə, gərəkdir ki, Allah tərəfindən lütfə layiq görülmüş həmin o bəndə də qapısına gəlmiş o yoxsula üz çevirməsin, ləyaqətinə və heysiyyatına toxunacaq sözlərə, hərəkətlərə yol verməsin; ona yuxarıdan aşağı baxmasın, əksinə, təvazökarlıq göstərərək öz maddi gücündən ehtiyacı olan kimsəyə də pay versin ki, qarşılığını yaxşı mənada Allahdan ala bilsin. Elə insanlar vardır ki, şərəfi, namusu, hörməti yoxdur, amma qazandığı haram pullara, haqsızcasına əldə etdiyi cah-cəlala, vəzifəyə görə sayılıb-seçilir, ancaq onun alçaltmaq istədiyi kasıbın isə maddi gücü olmasa da belə, uca qüruru, dəyanəti onu təhqir etmək istəyən dırnaqarası varlıdan min dəfə üstündür. Həmin imkanlı adam bu şərəfli kasıbın ayağının altındakı toz-torpaq ola, qapısında heç hambal belə işləyə bilməz. Puluna görə şərəf, hörmət qazananlar müflisləşərkən və iflasa uğrayarkən, həm o haram pullarını itirirlər və həm də ki, qazandıqları haram pulun sayəsində əldə etdikləri o yalançı şərəfi, hörməti. Amma kasıb belədir ki, onun imkanı olsa da, olmasa da, fitrətən bərqərar olmuş qüruru var; o, nə vaxtsa varlanıb, daha sonra iflasa mübtəla olsa da belə, yenə öz mənliyini qoruyub-saxlaya biləcəkdir. Çünki, həmin adam pula görə hörmət qazanmamışdı. Mərhum, rəhmətlik xeyriyyəçimiz olan mesenat Hacı Zeynalabudin Tağıyev çox gözəl buyurmuşdur: "Pulun ilə şərəf qazanma, şərəfin ilə pul qazan; çünki, pul gedər, sonra qayıdar, ancaq şərəf gedər, bir daha geri qayıtmaz". Allah ona qəni-qəni rəhmət etsin, ruhunu şad və son dayanacaq yerini isə Cənnəti-şərif etsin, amin! Bəli, doğrudan da, əsil xeyriyyəçi, əsil Allah adamı məhz Hacı Zeynalabudin Tağıyev idi: heç kimi qapısından əliboş, naümid bir şəkildə qaytarmaz, dəstəyini göstərər və həmin insanı razı bir şəkildə yola salardı. Yoxsa, indikilər bir az yaxşılıq edən kimi, onu, o saat, kameraya-zada çəkdirirlər, millətə nümayiş etdirir və özlərini nümayiş edirlər. Sözün həqiqi mənasında, elə insanlıqdan uzaq olan ikiüzlü, yalançı, riyakar alçaqlara ar və ayıb olsun! Sözüm bu, deyil. Sadəcə olaraq, insanı dəhşətə gətirən faciə odur ki, axı bir nəfər öz bacardığı köməyi necə və hansı əsas ilə əsirgəyə bilər?! Axı yoxsul adam göydə Allaha arxayın olub və yerdə isə sənə ərk edərək qapına gəlib də müraciət etdi, lakin sən onu öz köməyindən məhrum etdin. Var-dövlətin ola-ola, sən onu bilə-bilə inkar etdin, Allah da onu, həqiqətən, sənin dediyin kimi–"Yoxa" çıxardar və ağlın başına gələr ki, yalan danışmaq və kömək etməmək olmaz. Beləliklə, başqasını öz köməyindən məhrum etdiyin kimi özün özünü də Allahın köməyindən məhrum etdin. Ulu Allah heç sənin kimi bir simicə, xəsisə, xudpəsəndə diqqət yetirərmi, mərhəmət göstərərmi? Əlbəttə ki, xeyr. Belə bədbəxt, zavallı adamlar ölkəmizdə çoxdur. Onların ölüdən heç bir fərqi yoxdur, çünki, xeyirə-şərə yaramır və insanlara bir faydaları dəymir. Təbii ki, belə dünyapərəstlərdən uzaq durmaq, yaxınlarına belə gəlməmək lazımdır. Allah mərdi namərdə, yoxsulu varlıya möhtac etməsin və Allah hər bir təmiz bəndəyə halal ruzi yetirsin, təkcə özünə möhtac etsin, amin!
Ərtoğrul Aypar