dini radikalizm və ekstremizmlə mübarizə

YAQUB KƏRİMİ YARADICILIĞINDAN İNCİLƏR


MƏNƏ QAYITMADI MƏNDƏN GEDƏNLƏR

Deyirlər özünə qayıdır hər şey,
Mənə qayıtmadı məndən gedənlər.
Bəs hanı dünənki saf arzu istək,
Bu gün üz çevirib gendən gedənlər.

Özümə qayıda bilərsə əvvəl,
Boşuna xərclənən zaman qayıtsın.
Qayğısız qüssəsiz, bir az da dəcəl,
Uşaqlıq çağımdan bir an qayıtsın.

Yox yox istəmirəm uşaqlıq cağı,
Yaxşı ki qayıda bilmir geriyə.
Görüb ağlayardım hər oyuncağı,
Atam da məcburdu susa kiriyə.

Mən hardan biləydim, axı nə bilim?
Men oyuncaq üçün ağlayan zaman.
Atam üreyində çəkərək zülüm,
Çörək pulu haqda düşünür o an.

Özümə qayıda bilərsə əgər,
Qoy məktəb illərim qayıtsın yenə.
Babam üz gözümdən öpüb hər səhər,
Gecikmə dərsinə söyləsin mənə.

Nənəm də deyinsin, ay kişi bir dur,
Çörək yemədənmi gedəcək uşaq?
Sonra da səslənsin can bala otur,
Qoy hələ bişirim ye bir qayqanaq.

Çıxmayım nənəmin mən də sözündən,
Nənəm bişirdiyin doyunca yeyim.
Sonra da öpərək nurlu üzündən,
Çantamı götürüm, əynimi geyim.

Durmadan məktəbə qaçım tələsik,
Geciksəm danlayar hey müəllimə.
Tövşəyə-tovşəyə nəfəsi kəsik,
Tez keçib əyləşim mən öz yerimə.

O qızla əyləşiim yenə yanbayan,
Ilk sevgi hisslərim qoy aşıb daşsın.
O da əvvəlkitək yenə mehriban,
Səmimi hisslərlə mənə yanaşsın.

Ta ki zəng çalınca baxaq göz- gözə,
Qəlbimiz yenə dı birgə döyünsün.
Qızlar pıçıldaşıb gülüşsün bizə,
O qız da hirsindən dəliyə dönsün.

Qızların üsdünə çatsın qaşını,
Hələ hədələyib yumruğun sıxsın.
Sonra qolu üstə qoyub başını,
Yenə oğrun- oğrun qoy mənə baxsın.

Duymayaq dünyanın biz qəm kədərin,
Arzulu, istəkli, sevincli, şıltaq.
Sevərək yaşayaq məktəb illərin,
Bircə son zəng günü olmasın ancaq.

Məktəbdə çalınan o son zəng mənim,
Dərdimin qəmimin ilk səsi oldu.
Sanki son zəng oldu ömrümə qənim,
Qəlbimin ömürlük qüssəsi oldu.

O son zəng qəlbimə çəkdi böyük dağ,
O illər yaxşı ki qayıtmır geri.
Ilk o gün itirdim, son deyil ancaq,
Mən hey itirirəm o gündən bəri.

Desəm ki gəncliyim qayıtsın mənə,
Mən ki gənclər kimi gənc olmamışam.
Bəlkə coxdan catıb yaşım səksənə,
Sadəcə zahirən qocalmamışam.

Daxilən qocayam, yorğunam yaman,
Məni hər nəfəsdə yordu bu dünya.
Dünyani sevmədim deyə hər zaman,
Bilərək qəsdimə durdu bu dünya.

Özünə qayıtmaq mümkünsə ana,
Sən məni yenidən özünə qaytar.
Gəlmək istəmirəm mən bu cahana,
Ruhumu göylərin üzünə qaytar.


KÜSDÜM

Qəlbimi etdilər talan,
Yenə mənə oldu olan,
Insanların hiylə, yalan,
Dediyi sözündən küsdüm.
Çoxunu vəfalı sandım,
Etibar etdim inandım,
Yüz gündə bir dost qazandım,
Bir gündə yüzündən küsdüm.
Çox şeylərə küsmüşəm mən,
Xəlq eyləyib deyə bəzən,
Varlığımı xəlq eyləyən,
Tanrımın özündən küsdüm.
Yaqubam dözmür ürəyim,
Budur son arzum diləyim,
Gəl apar məni mələyim,
Mən bu yer üzündən küsdüm.


CÜMƏNİZ MÜBARƏK

YA ƏMİRƏL MÖMİNİN HÖCCƏT ƏLİ

Sənə qardaş dedi peyğəmbər özü,
Əlini qaldırıb O sərvər özü,
Səni də seçdi bizə rəhbər özü.
Biz kimik eyləməyək beyyət Əli?
Ya Əmirəl Möminin Höccət Əli

Ənbiya söyləyib haqq söyləyəni,
Bizə çatdırıb Rəbbim isdəyəni,
Bəli, Xatəm seçib Allah deyəni,
Bu məqam tək sənədir qismət Əli,
Ya Əmirəl Möminin Höccət Əli.

Ey yetimlər atası, məzlum olan,
Ey xanım Zəhra fərağında qalan,
Ey namaz qıldığı vaxt zərbət alan,
Sənə zülm eyləyənə lənət, Əli,
Ya Əmirəl Möminin Höccət Əli.

Kim sənintək Allaha aşiq olar?
Kim sənintək Rəsula sadiq olar?
Kim sən olan məqama laiq olar?
Kimdə var səndə olan qeyrət, Əli?
Ya Əmirəl Möminin Höccət Əli.

Ağa çox çətindir ayrılıq qəmi,
Qurumur aşiqinin gözdə nəmi,
Kərimini o mübarək hərəmi,
Ziyarət etməyə et dəvət, Əli,
Ya Əmirəl Möminin Höccət Əli.


MƏNİM QADINIM

Sən Tanrıdan istədiyim ən xoş arzum diləyimsən,
Adi bir insan deyilsən , mənim cənnət mələyimsən,
Həyatımın sevincisən, sevgi dolu ürəyimsən,
Kədərimi məndən alan, qəmimə qənim qadınım.

Mən dünyanı sevdim quzum, bil ki, səni sevən gündən ,
Sevincimi kədərimi səninlə bir bölən gündən .
Dünyamın parlaq günəşi, sən dünyama gələn gündən ,
Çəkildi başım üstündən dumanım çənim, qadınım.

Sən namussan, sən qeyrətsən, sən həyasan arsan, gülüm ,
Dərd ortağı, ürək dostu, ən vəfalı yarsan, gülüm ,
Nə yaxşı ki, doğulmusan, nə yaxşı ki, varsan, gülüm ,
Nə yaxşı ki ömrümdəsən, mənimsən, mənim qadınım.


BEZMİŞƏM

Zövqümü oxşayan çiçək,
Daha səndən də bezmişəm.
Xəfiv xəfif əsən külək,
Daha səndən də bezmişəm.

Saçımı isladan yağış,
Get ol özgələrlə tanış,
Bir az da onlarla danış,
Daha səndən də bezmişəm.

Göydən yerə baxan günəş,
Ürəyimi sıxan günəş,
Hər gün nazla çıxan günəş,
Daha səndən də bezmişəm.

Az çəkmədim mən qəm gecə.
Dərdlərimə məlhəm gecə,
Mənə sirdaş həmdəm gecə,
Daha səndən də bezmişəm.

Qaraya çevrilib ağım,
Şər böhtandır solum sağım,
Yalan eşidən qulağım,
Daha səndən də bezmişəm.

Dünyamız belədir bizim,
Günah, çirkab düzüm düzüm,
Xəyanətlər görən gözüm,
Daha səndən də bezmişəm.

Belə saf olmazdın gərək,
Çıx köksümdən məndən əl çək.
Hər sözə aldanan ürək,
Daha səndən də bezmişəm.

Çoxdur sözünün oğrusu,
Bir yandan da can ağrısı,
Kərimi, sözün doğrusu,
Daha səndən də bezmişəm.

Müəllif: Yaqub Kərimi


Oxunub: 1 156
Oxşar xəbərlər
SON XƏBƏRLƏR