Allahyar Xocalı imzası oxuculara yaxşı tanışdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ləyaqətli övladı, şair-publisist Allahyar Xocalı həm də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda təqaüddə olan Allahyar müəllim bu gün də uşaq, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün əllərindən gələni əsirgəmir. Onun bütün şeirlərində Vətənə, torpağa,anaya məhəbbət hiss olunur:
“Üzeyir nəğməsi, Nəvvab fırçası,
Vaqif şeriyyəti var Qarabağda,
Mənə elə gəlir, başqa cür dinir-
Kaman Qarabağda, tar Qarabağda...”
Allahyar Xocalı əsl Vətən oğlu, əsl el oğludur. O, xalqın qarşılaşdığı problemləri öz şeir və yazılarında qabarda bilir. Beləliklə də gözəl şeir nümunələri yaranır. Allahyar müəllim yurdcanlı, torpaqcanlı və dostcanlıdır. Onun dostluğa verdiyi dəyər çox önəmlidir. Bu yaxınlarda Allahyar müəllimin sayca 3-cü kitabı işıq üzü gördü: “Bizdən qeyrət umur Vətən!” Kitabda şairin yazdığı şeirlərin kiçik bir hissəsi toplanıb.
Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsindəki Mədəniyyət Evində şair Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən!” kitabının təqdimat mərasimi keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri Xocalı şəhər 5 saylı Klubun mədəni təşkilatçısı xanım Aynurə Bilalova açdı. Azərbaycanın Dövlət Himni ifa edildi. Aynurə xanım Allahyar müəllimin ömür yolu haqda geniş məlumat verdi. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Allahyar müəllimin dövlətçiliyin möhkəmləndirilməsi üçün apardığı məqsədyönlü fəaliyyətindən danışdı. Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Kosalar kəndindən məcburi köçkün, “Tərəqqi” medalının mükafatçısı, II dərəcəli müharibə əlili Aqil Məmmədov, Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, Azərbaycanın Milli Qəhrəmanı Şakir Salahovun qardaşı Yaşar Salahov, Xocalı şəhər sakini, məlum soyqırımın canlı şahidlərindən olan Şükür Bəşirov, Allahyar müəllimin qızı Ayna Allahyarqızı çıxış edərək el şairi haqda fikirlərini söylədilər. Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri xanım Lamiyə Qarayeva şair Allahyar Xocalının yurd, Vətən həsrətli şeirlərindən, publisistik məqalələrindən söhbət açdı. Lamiyə xanım Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubovun adından Allahyar Xocalını təbrik etdi, yeni-yeni yaradıcılıq uğurları arzuladı.
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri Şamil Sabiroğlu və Birliyin İdarə heyətinin üzvü xanım Dilbər Sultanova Türkiyənin Antalya şəhərindən gətirdikləri qiymətli hədiyyəni Allahyar müəllimə təqdim etdilər.
Söz, Allahyar Xocalıya verildi.O, yüksək səviyyəli təqdimat mərasiminə görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov və onun müavini xanım Lamiyə Qarayevaya ailə üzvləri adından təşəkkürünü bildirdi. Daha sonra öz yaradıcılığından bir neçə şeir söylədi.
Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin əməkdaşları maraqlı musiqi proqramı, Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Biz, tədbirin bütün ağırlığını öz üzərində saxlamış xanım Lamiyə Qarayevaya, Xocalı şəhər Mədəniyyət şöbəsinin müdiri Ruslan Bəşirova, Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin kollektivinə, eyni zamanda, ifaçılardan İsmayıl Məmmədov, Ruslan Mustafayev, Nəsif Quliyev, xanım Vüsalə Hümbətovaya, xanım Flora Cavadovaya və Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin pedaqoji kollektivinə təşəkkür edirik.
Şamilə Şamilqızı,
Nübar İslamqızı,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları.