2026- cı il oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bakıda Hacı Zeynalabdin Tağıyev tərəfindən ilk qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə, həmçinin, “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinə həsr olunan tədbirdə dövlət qurumlarının rəhbərləri, müxtəlif təhsil müəssisələrinin nümayəndələri və tələbələri iştirak ediblər.
Tədbirdə Xəzər Universitetini Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, dekan müavini Günay Hacızadə, İqtisadiyyat və menecment fakültəsinin dekan müavini Xanım Öməroğlu təmsil ediblər. Eyni zamanda, universitetin Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı çərçivəsində təhsil alan İngilis dili müəllimliyi ixtisası üzrə tələbəsi Gültac Vəliyeva, Tarix müəllimliyi ixtisası üzrə tələbəsi Fatimə Məmmədova və Maliyyə ixtisası üzrə tələbəsi Ayşə Uluxanova tədbirdə iştirak ediblər.
Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxış ediblər. Çıxışlarda layihənin sosial əhəmiyyəti, qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti vurğulanıb.
Tədbir çərçivəsində Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının, eləcə də Tağıyevin qızlar məktəbinin 125 illiyi münasibətilə bu il təsis edilmiş Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramının həssas qruplara mənsub qızların ali təhsil almasına verəcəyi töhfələr qeyd olunub.
Tədbir bədii proqramla yekunlaşıb.
Oxunub: 18