dini radikalizm və ekstremizmlə mübarizə

Andican Forumunda Şuşanın Türk-İslam memarlıq irsi və şəhər kimliyi müzakirə olunub


2026- cı il 15–18 sentyabr aralığında Özbəkistanın Andican şəhərində yerləşən Kokand Universitetində Türk dünyasının müxtəlif universitetlərinin əməkdaşlığı ilə Andican Forumu keçirilir.
Şəhərlər, şəhər kimliyi, şəhərçilik və şəhərlərin idarə olunması mövzularının əsas gündəm təşkil etdiyi forumda tarix, memarlıq, şəhərsalma, mədəni irs və müasir şəhər idarəçiliyi ilə bağlı müxtəlif məruzələr dinlənilib. Forumun açılış panelində Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu “Şuşanın Türk-İslam memarlıq irsi və mövcud durum” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə Şuşanın şəhər-memarlıq kimliyi, şəhərin formalaşma və inşa prosesi, Qarabağ xanlığı dövründə şəhərin inkişafı və Şuşanın Türk-İslam şəhərçilik ənənələri içərisindəki yeri ətraflı şəkildə təhlil olunub.
Telman Nüsrətoğlu Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə Türk-İslam şəhər mədəniyyətinin mühüm nümunələrindən biri olduğunu vurğulayaraq, şəhərin tarixi məhəllələri, memarlıq abidələri, qalaları, məscidləri və digər mədəni irs nümunələrinin Şuşanın özünəməxsus şəhər kimliyinin formalaşmasındakı rolundan bəhs edib. Məruzədə Ermənistanın işğalı dövründə Şuşanın Türk-İslam mədəni irsinə qarşı həyata keçirilən dağıntılar, tarixi və dini abidələrin zədələnməsi, məhv edilməsi və şəhərin tarixi-mədəni simasının dəyişdirilməsinə yönəlmiş müdaxilələr də diqqətə çatdırılıb. Dosent T. Nüsrətoğlu Şuşanın işğaldan azad edilməsindən sonra həyata keçirilən bərpa və yenidənqurma prosesinə də xüsusi diqqət çəkib. Bildirilib ki, şəhərin yenidən qurulması yalnız fiziki tikinti prosesi kimi deyil, həm də Şuşanın öz tarixi, milli və Türk-İslam şəhər kimliyinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Şuşa qalası, tarixi məhəllələr, məscidlər, karvansaralar və digər memarlıq nümunələrinin qorunmasının şəhərin mədəni irsinin yaşadılması ilə yanaşı, onun Azərbaycan və Qarabağ turizminin əsas mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynadığı qeyd olunub. Məruzənin əsas mesajlarından biri bu olub ki, şəhər yalnız binalardan və küçələrdən ibarət məkan deyil; şəhəri şəhər edən onun tarixi yaddaşı, mədəni irsi, memarlıq dili və formalaşdırdığı kimlikdir. Bu baxımdan Şuşanın bərpası həm tarixi ədalətin, həm də Türk-İslam şəhərçilik irsinin yaşadılmasının mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Oxunub: 12
Oxşar xəbərlər
SON XƏBƏRLƏR