dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin Fizika və Elektronika Departamentinin müdiri, dosent Dr. Fəridə Tatardar Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqat aparır.


Xəzər Universitetinin Fizika və elektronika departamentinin müdiri, dosent Dr. Fəridə Tatardar hazırda Çin Xalq Respublikasında beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqat fəaliyyətini davam etdirir.
Fəridə Tatardarın iştirak etdiyi elmi-tədqiqat layihəsi “Shanghai Sci-tech Co-research Program”ı çərçivəsində dəstəklənib. Layihə Şanxay Elm və Texnologiya Komissiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində qəbul olunub.
Layihənin elmi-tədqiqat mərhələsi çərçivəsində Dr. Fəridə Tatardar Fudan Universitetinin “Ağıllı materiallar və gələcəyin enerjisi” kollecində professor Zhu Guodongun rəhbərlik etdiyi tədqiqat qrupunda fəaliyyət göstərir. Tədqiqatlar çərçivəsində yüksək performanslı nazik təbəqəli tranzistorların və yeni nəsil piezoelektrik sensorların işlənib hazırlanması istiqamətində elmi araşdırmalar aparılır. Bu tədqiqatlar qabaqcıl funksional materialların tətbiqi əsasında innovativ elektron və sensor texnologiyalarının inkişafına, həmçinin yüksək həssaslığa və enerji səmərəliliyinə malik qurğuların yaradılmasına yönəlib.
Elmi fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində Fəridə Tatardar Fudan Universitetinin aparıcı alimləri ilə görüşlər keçirib. Fudan Universitetinin “Ağıllı materiallar və gələcəyin enerjisi” kollecinin dekan müavini, professor Yan Zhao, “Optoelektronika” İnstitutunun direktor müavini, dosent Xiaoliang Mo və Fudan Universitetinin Mikroelektronika fakultəsinin professoru, professor Hongliang Lu ilə keçirilən görüşlərdə üzvi yarımkeçiricilər, optoelektronika, mikroelektronika və sensor texnologiyaları üzrə elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.​ Fudan Universitetində keçirilən bu görüşlər Xəzər Universitetinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması, elmi fəaliyyətin inkişaf etdirilməsi və qabaqcıl elmi-tədqiqat təcrübəsinin qarşılıqlı paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəzər Universiteti beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsinə, tədqiqatçıların aparıcı elmi mərkəzlərdə təcrübə və bilik mübadiləsində iştirakına, eləcə də qabaqcıl elmi nəticələrin universitetin tədqiqat mühitinə inteqrasiyasına xüsusi əhəmiyyət verir.





Oxunub: 30
Oxşar xəbərlər
SON XƏBƏRLƏR