Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Djb.az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bu gün imtahanlar Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında keçiriləcək. İmtahanda 18609 şagirdin iştirak edəcəyi gözlənilir.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Xatırladaq ki, iyunun 2-3-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.
Oxunub: 1 117