Hesab edirəm ki, ölkədə ənənəvi tədrisə fevralın 16-dan etibarən mərhələli şəkildə start veriləcək.
Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, ilkin mərhələdə ibtidai, 9 və 11-ci siniflər üçün ənənəvi tədris tətbiq edilə bilər:
“Dərslərin ənənəvi qaydada başlaması üçün ilkin versiya ondan ibarətdir ki, koronavirusa gündəlik yoluxmada minimal bir say həddi müəyyən olunsun. Bundan başqa, valideynlər və təhsil müəssisələri tərəfindən ciddi nəzarət mexanizmi olmalıdır. Mərhələli şəkildə başladılan açılışda üstünlük ibtidai siniflərə və 9-11-ci siniflərə verilməlidir. İndiki halda ibtidai siniflərin buna daha çox ehtiyacı var. 9 və 11-ci siniflər isə buraxılış imtahanı verəcəkləri üçün onların da ənənəvi təhsilə keçməsi vacibdir.
Yəqin ki, bu məsələlər fevralın 16-dan sonra baş tutacaq. O vaxta qədər düşünmürəm ki, ənənəvi tədrisə başlanılması ilə bağlı qərar olsun. Düzdür, qonşu ölkələrdə ənənəvi tədrisə yaxın günlərdə başlanılacaq. Bizim ölkədə isə yəqin ki, vaksinasiyadan müəyyən nəticə əldə etdikdən sonra bununla bağlı qərar veriləcək”.
Ekspert onu da bildirib ki, ali və orta təhsil müəssisələri də daxil olmaqla ənənəvi tədris Novruz bayramı tətilindən sonra tam bərpa olunmalıdır:
“Ali təhsil müəssisələrində fevralın 16-dan sonra ikinci semestr başlayır. Hesab edirəm ki, bu tarixdən etibarən təcrübə baxımından daha çox tələb olunan ixtisaslar – tibb, hüquq və s. üzrə ənənəvi qaydada tədris labüddür. Burada da müəyyən qaydalara riayət edilməklə tələbələr təhsil müəssisəsinə gələ bilərlər. Yəni mərhələli şəkildə ali təhsil müəssisələrində ənənəvi təhsilə başlanılmalıdır. Bundan sonra isə digər ixtisaslar üçün də bu qayda tətbiq edilməlidir. İstənilən halda ən azı Novruz tətilindən sonra bütün ali və orta təhsil müəssisələrində ənənəvi tədris bərpa olunmalıdır”.
Oxunub: 779