dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil Nazirliyi: Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır

Təhsil Nazirliyi: Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır

Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır və bunun məktəbdaxili qiymətləndirmənin nəticəsinə təsiri yoxdur.

APA-nın məlumatına görə, bu barədə “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu qiymətləndirmədə təkcə keyfiyyət göstəriciləri deyil, elektron sistemin texniki dəyərləri qiymətləndirilib ki, hansı problemin olduğu öyrənilsin və gələcəkdə bunun qarşısı alınsın: “Texniki səbəbdən imtahanı bitirə bilməyən şagirdlərin nəticəsini öyrənmək mümkün olmayacaq, amma imtahanı bitirib təsdiq edən şagirdlər nəticələri öyrənə bilərlər. Texniki olaraq bu imtahanda iştirak edə bilməyən şagirdlər üçün 2021-ci ildə yenidən milli qiymətləndirmə təşkil olunacaq. Bu qiymətləndirmə ümumi təhsil sisteminin qiymətləndirilməsi və problemlərin aradan qaldırılması üçündür, şagirdlərin fərdi qiymətləndirilməsi deyil”.

Sektor müdiri qeyd edib ki, artıq imtahan nəticələri bəllidir.

“Milli qiymətləndirmədə şərt deyil ki, bütün fənləri qiymətləndirəsən. Elə vaxt olub ki, ancaq tədris dili, riyaziyyat fənləri qiymətləndirilib. Builki milli qiymətləndirmədə tədqiqat üçün müəyyən edilmiş fənlər - tədris dili (Azərbaycan və ya rus dili), riyaziyyat və ingilis dili fənləri olub. Ola bilsin ki, növbəti qiymətləndirmələrdə başqa xarici dil fənləri, kimya, fizika, biologiya və digər fənlər milli qiymətləndirməyə cəlb oluna bilər. IV, VI və IX siniflər üçün keçirilən milli qiymətləndirmədə liseylər və gimnaziyalarda iştirak edən şagirdlər də iştirak edib, yəni bütün ümumtəhsil müəssisələrini əhatə edib”, - deyə A. Mirzəzadə vurğulayıb.

Oxunub: 1 016
Oxşar xəbərlər
SON XƏBƏRLƏR