Övladını məktəbə göndərmək istəməyən valideynlər onlayn dərsləri seçə bilərlər.
Bu barədə Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:
“Əgər məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, biz həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələrini planlaşdırırıq. Hər iki tədris planı qüvvədə olacaq.
Bundan əlavə, valideynlər əgər düşünürlərsə ki, verilmiş şəraitdə övladlarını məktəbə göndərmək onlar üçün risklidir, paralel olaraq, sentyabrın 1-dən başlayaraq həm də Dövlət Televiziyasının Mədəniyyət kanalı ilə yayımlanan teledərslərə və onlayn məktəbə qoşula bilərlər. Valideynin seçiminə imkan verilir. Yəni, valideyn vəziyyəti riskli hesab edirsə, övladını yalnız onlayn tədrislə təmin edə, yaxud məktəbə göndərmək istəyirsə, müvafiq tədris planına uyğun olaraq məktəbə göndərə bilər.
Nazir onu da qeyd edib ki, teledərslər layihəsi çərçivəsində 2100-dən artıq ümumtəhsil sahəsinə dair videolar çəkilib və Təhsil Nazirliyinin müvafiq video portalında yerləşdirilib:
“Bu proqramların ən azı mart ayına qədər davam etdirilməsinin tərəfdarıyıq. O mənada ki, artıq bütün bir ilin bizdə video-dərsləri, teledərsləri olacaq. Post-pandemiya dövründə də bu, şagirdlərimiz üçün əvəzsiz tədris materialına çevriləcək. Üstəlik, proses bitdikdən sonra həmin teledərslərin elektron dərsliklərə də inteqrasiya edilməsini düşünürük”.
“Qafqazinfo”
Oxunub: 781