Bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif etdi. Yəni tədrisin məsafədən və ya qarışıq (onlayn və sinif otağında) modeli. Qarışıq modeldə məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir. Sentyabrın 15-dən bu modellərin hansı tədbiq edilə bilər?
Bu sualla bağlı KONKRET.az-a öz fikirlərini bildirən deputat Ceyhun Məmmədov bildirib ki, avqustun 17-də Milli Məclisin Elm və təhsil komitəsində təhsil naziri ilə müzakirələri oldu: “Bu görüşdə bir sıra vacib məsələlərə toxunuldu. Onlardan da biri dərslərin hansı formada keçirilmə məsələsidir. Təhsil İnstitutu bir sıra versiya irəli sürüb.Onlayn və qarışıq versiya. Hesab edirəm ki, hazırki vəziyyətdə ən uyğun versiya qarşıq tədrisin keçirilməsidir. Xəstəliyin geniş yayılmadığı bölgələrdə ənənəvi qaydada dərslər keçirilə bilər. Harda ki, vəziyyət gərgindir, xəstələnənlərin sayı azalmır. Biz bu barədə ciddi düşünməliyik. Reallıq ondan ibarətdir ki, əgər xəstəliyin geniş yayıldığı bölgələrdə uşaqlar məktəbə gedərlərsə və dərslərdə iştirak edərlərsə, yoluxma sayı arta bilər. Ona görə də burada fərqli yanaşmalar olmalıdır”.
Deputat qeyd edib ki, bu gün Təhsil İnstitutunun təklif etdiyi qarışıq üsulu da biz nəzərdən keçirə bilərik: “Təhsil Nazirliyi bütün versiyaları araşdırır. Buna uyğun da qərarlar qəbul ediləcək. Burada əlavə bir neçə variantlarda nəzərdə keçirilə bilər. Həftənin bir neçə günləri uşaqların məktəbə gəlməyini, ayrı-ayrı vaxtlarda dərslərdə iştirak etmək kimi ayrı-ayrı variantları nəzərdən keçirmək olar. Bu, bilavasitə pandemiyadan asılıdır. Əgər yoluxanların sayı artsa, biz yenidən ciddi şəkildə düşünməliyik. Vətəndaşlarımızın hər biri qoyulan qaydalara əməl etməlidir. Bilməlidirlər ki, təhlükə tam bitməyib. Biz özümüzü qorumalıyıq. Çünki hələ də bilmirik proseslər hansı istiqamətdə davam edəcək. Yoluxmaların sayında da digər günlərə nisbətən artım var. Səbəb isə insanların bəzilərinin qoyulan qaydalara əməl etməməsidir.
Təbii ki, bu, tədrisə də öz təsirini göstərəcək. Bizim tövsiyəmiz ondan ibarətdir ki, insanlarımız özlərini qorusunlar. Yoluxanların sayında artım olarsa, ciddi qərarlar verməli olacağıq. Biz çalışmalıyıq ki, yoluxanların sayı artmasın. Çünki dərslərin hansı formada keçirilməsi bu amildən bir başa asılıdır”.
Oxunub: 633