Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 8712 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
İmtahanlar bu bölgələrdə keçiriləcək:
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Zaqatala, Qax, İsmayıllı, Ucar, Xaçmaz, Siyəzən, Xızı;
Azərbaycan dili (dövlət dili) imtahanı -Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Sabirabad, Qazax;
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Sabirabad, Qazax;
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı: Sabirabad, Qazax;
Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Zaqatala, Qax, İsmayıllı, Ucar, Xaçmaz, Siyəzən.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Qeyd edək ki, iyunun 24-i və 25-i imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 95 imtahan binası, 1530 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 95 ümumi imtahan rəhbəri, 245 imtahan rəhbəri, 1994 nəzarətçi–müəllim, 190 buraxılışı təşkil edən əməkdaş, 95 bina nümayəndəsi ayrılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda 24 və 25 iyun tarixlərində imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.
Oxunub: 781