Biləsuvar Rayon Təhsil Şöbəsinin metodisti Ağazadə Elşən Mirilham oğlunun “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazdığı məqaləsini sizə təqdim edirik.
Azərbaycan tarix boyu yadellilərin məkirli niyyətlərinə tuş gəlməsinə baxmayaraq bu gün inkişaf etmiş, dünyada öz sözünü demiş, istər elm və mədəniyyət baxımdan, istər siyasi baxımdan, istərsə də digər sahələr üzrə öz yerini tutan qüdrətli bir dövlətə çevrilmişdir. Məlumdur ki, məhz ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin qayğısı, siyasəti ilə Azərbaycanda təhsil inkişaf etmiş və bu siyasi kursun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün təhsil sistemi prioritetə çevrilmişdir. Əlbəttə, təhsilimiz bu günümüzlə yekunlaşmır. Hər bir tarixin bir başlanğıcı olduğu kimi doğma Azərbaycanımızın tarixi qədər qədim olan təhsilimizin də bir başlanğıcı var. Hələ təhsil sahəsində Şərqdə, hətta Avropa ölkələrində bu gün də aktual elm sahələrinin ən böyük nümayəndələri məhz azərbaycanlı alimlər olmuşdur.
Elm və mədəniyyətə yüksək diqqət və qayğı bu millətin müdrüklüyünün ən bariz nümunəsidir. Elm və mədəniyyət ocaqlarının yaradılması, dövrünün ən məşhur elm adamlarının yetişməsində amil olan kitabxanaların tikilməsi də neçə əsr bundan əvvələ dayanır. Azərbaycanın tarixini mahiyyəti etibarı ilə bir neçə dövrə bölmək mümkündür. Bu dövrlər içərisində təhsil sisteminin formalaşması baxımından öz xalqına müstəqil təhsil verməsi, millətimizin çəkinmədən doğma ana dilimizdə təhsil almasının əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyəti dövrü olmuşdur. Doğrudur, ciddi sıxıntılara, basqılara baxmayaraq hələ Çar Rusiyasının dövründə xalqımızın ziyalıları heç zaman vətən, millət amalından dönməmiş, xalqımızın hər bir nümayəndisinin maarifləndirilməsi uğrunda hətta öz canlarını fəda etməkdən belə çəkinməmişlər.
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən idarə edilən təhsil sistemimiz Azərbaycan Xalq Cümhuriyyəti zamanında Xalq Maarif Nazirliyi adlanmışdır. Xalq Maarif Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkənin təhsil və mədəniyyət sahəsinə rəhbərlik edən dövlət orqanı idi. Xalq Maarif Nazirliyi 28 may 1918-ci ildə Azərbaycan Milli Şurasının təlimatı ilə Fətəli Xan Xoyskinin yaratdığı müvəqqəti hökümət kabineti tərəfindən təhsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Xalq Maarif naziri Nəsib bəy Yusifbəyli, sonrakı dövrlərdə elə Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü dövlət kabinetində Rəşid bəy Qaplanov, 5-ci hökümət kabinetində əvvəlcə Həmid bəy Şahtaxtınski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu ilk gündən xalqın təhsilinə birinci dərəcəli önəm verirdi.
Xalq Maarif Nazirliyi fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə görüləcək işlərin planlaşdırılması ilə başladı. Nazirlik xalqın təhsilini sürətlə inkişaf etdirmək məqsədilə qısa müddət ərzində təkliflər hazırlayaraq hökümət rəhbərliyinə təqdim edir. Xalq məktəbləri və təhsil çevrələrinin müdiri vəzifələri ləğv edilərək, məktəb və təhsil işinin idarə edilməsi Xalq Maarif Nazirliyinin əmrinə verilir.Azərbaycan Xalq Cümhuriyyəti höküməti Tiflisdən Gəncəyə köçürüldüyündə - iyunun 30-da hökümətin qərarı ilə Xalq Maarif Nazirliyinə nazirliyin işçi heyətini təşkil etmək və idarəetmə sistemini hazırlayıb hökümətə təqdim etmək tapşırığı verildi. Tapşırığa əsasən 1918-ci il avqustun 2-də Xalq Maarif naziri tərəfindən idarəetmə sisteminin araşdırılması və rəy verilməsi üçün hökümətə təqdim edildi. Əsasnaməyə görə Xalq Maarif Nazirliyinin tərkibi nazirdən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təshil, mütəxəssis hazırlığı sahələrindən ibarət olaraq təsdiq edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sistemində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökümətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Hökümət ilk günlərdən başlayaraq milli kadrların hazırlanması, bu sahədə təhsilin tam şəkildə yenidən qurulmasına xüsusi diqqət yetiridi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən əsas tədbirlərindən biri də məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai təhsil qurumlarında tədris şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi məcburi olaraq tətbiq edilməli, ali və orta təhsil qurumlarında isə dərslər dövlət dilində tədris edilməli idi. Azərbaycan (türk) dilini bilməyən şagirdlər üçün 3 və 4-cü siniflərdə türk dili şöbələri açılmalı, burada Azərbaycan dili elə formada tədirs edilməli və mənimsədilməli idi ki, artıq 2 il sonra bu şagirdlər doğma dilimizdə təhsillərini davam etdirə bilsinlər. Yenicə müstəqillik qazanmış gənc dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi başa düşürdü ki, onları bir çox sahələrdə olduğu kimi maarif sahəsində də qarşıda çox böyük işlər gözləyir. Hələ Xalq Maarif naziri Nəsib bəy Yusifbəylinin 31 dekabr 1918-ci il tarixli məktubunda qeyd edilirdi ki, maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açaraq təhsil sahəsində ölkəni mümkün olan ən qısa vaxt ərzində yükslətmək üçün bütün güclərini səfərbər etdi. Hətta məktubda qeyd edilirdi ki, yalnız yüksək təhsilə sahib olan xalq ilərləyə bilər.
Cümhuriyyət hökümətinin sayəsində 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hüsabına 23 orta peşə təhsili məktəbi və 637 ibtidai məktəb var idi. Müəllimlər Seminarıyası istisna olmaqla, 1919-1920-ci illərdə Azərbaycan məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Əlbəttə, xalq təhsilini milli zəmində yenidən qurmaq üçün kadrlara, dərs ləvazimtatlarına ehtiyac var idi. Həmin dövrdə Azərbaycanda kadr və dərs ləvazimatları heç də kifayət qədər deyildi. Bu məsələdən başlıca çıxış yolu Türkiyədən müəllim dəvət etmək və dərs ləvazimatları gətirmək, əlavə olaraq Azərbaycan dilini bilən təhsilli şəxslərlə qısa müddətli müəllim kurslar təşkil etmək idi. Xalq Maarif Nazirliyi məktəbləri dərs ləvazimatları ilə təmin etmək üçün xüsusi komissiya yaratmışdı. Bu komissiyanın fəaliyatinə o dövrün məşhur pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdullah bəy Əfəndizadə və başqaları daxil edilmişdi.1919-cu ilin sentyabr ayında hökümətin qərarı ilə Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarif Nazirliyinə maddi vəsait ayrıldı.
Azərbaycan Xalq Cümhuriyyəti höküməti və Xalq Maarif Nazirliyinin təhsil sahəsində qarşısında duran ən öncəlikli vəzifələrdən biri də ölkədə ali təhsili təşkil etmək və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət hökümətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda 3 ali məktəb – Bakı Dövlət Universiteti, Əkinçilik İnstitu, Dövlət Konservatoriyası təsis edilməsi istiqamətində problem aradan qaldırılmışdı. Lakin bunlardan sadəcə birinin – Bakı Dövlət Universitetinin açılışını həyata keçirmək mümkün olmuşdu.
15 noyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin auditoriyasında ilk mühazirələr oxundu. Hökümətin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə 100 azərbaycanlı gənc dövlət tərəfindən xarici ölkələrin univeristetlərində təhsil almaq üçün göndərildi.Cümhuriyyətin xalq təhsili sahəsində gördüyü ən vacib işlərdən biri də yaşlıların savadlandırılması idi. Bu məqsədlə 1919-cu il 15 sentyabr tarixdən Bakı, Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilinin tədrisi məqsədilə kurslar təşkil edilmişdi. 1919-cu ilin noyabr ayından isə Bakıda azərbaycanlı işçilər üçün axşam kursları açılmışdı.
Xalq Maarif Nazirliyi ölkədə təhsilin inkişaf etdirilməsi üçün geniş tədbirlər planı hazırlamış, bu plan Azərbaycan höküməti tərəfindən qəbul edilmiş və onun tətbiqinə icazə verilmişdir. Lakin 1920-ci ilin aprel işğalı bu planların həyata keçirilməsini də yarıda qoydu. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 23 aylıq fəaliyyəti zamanında təhsil sahəsində alınan tədbirlər daha sonra Azərbaycanda xalq maarifinin inkişafına önəmli yardım göstərdi və bu gün təhsilimizin inkişafına güclü zəmin yaratdı.
Oxunub: 1 365