Millət vəkili şagirdlərin və müəllimlərin dərs-tədris yükü məsələsindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir:
“Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var.
Vaxtilə Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul edilən təhsil qanununda bu məsələ ilə bağlı müəyyən məqamlar nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, bunlar əsaslandırılmış bir addım deyildi. Daha çox süni, populist xarakter daşıyırdı. Ona görə yeni qanunda bu məsələyə də aydınlıq gətirmək lazımdır”.
Millət vəkili repetitorluqla məşğul olanlarla bu fəaliyyətlə məşğul olmayan müəllimlərin gəlirlərində, maddi qazanclarında ciddi disproporsiyanın yarandığını bildirib.
O qeyd edib ki, müəllimlərin heç də hamısı repetitorluqla məşğul olmur.
“Ona görə hesab edirəm ki, bu məsələdə ciddi addımlara ehtiyac var. Elə etmək lazımdır ki, müəllimlər daha çox məktəblərdə öz işləri ilə məşğul olsun, şagirdlərə yüksək səviyyəli təhsil versinlər. Yəni onların maddi problemlərinin həllində növbəti addımlara ehtiyac duyulur”, - deyə millət vəkili əlavə edib.