"Məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır"
Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir.
APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abitruiyent” jurnalının 12-ci sayında ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.
Belə ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 47.39, ədəbiyyatdan 49.24, riyaziyyatdan I, II qruplarda 31.31, III, IV qruplarda 34.31, fizikadan 40.31, kimyadan 37.36, biologiyadan 52.54, tarixdən 39.25, Azərbaycan tarixindən 38.32, coğrafiyadan 49.13, ingilis dilindən I qrupda 30.81, II, III qruplarda 37.38%-inə düzgün cavab verib .
Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 52.49, ədəbiyyatdan 49.21, riyaziyyatdan I, II qruplarda 33.52, III, IV qruplarda 35.25, fizikadan 41.52, kimyadan 39.81, biologiyadan 51.27, tarixdən 32.79, Azərbaycan tarixindən 32.42, coğrafiyadan 45.80, ingilis dilindən I qrupda 46.11, II, III qruplarda 50.64%-ni düzgün cavablandırıb: “Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 30-52 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 48–70%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır. Bunlar haqqında bir qədər sonra daha geniş məlumat veriləcək. Abituriyentlərin imtahan fənlərinə cavablarının orta statistik göstəriciləri qruplar üzrə aşağıdakı cədvəllərdə təqdim olunur”.