dini radikalizm və ekstremizmlə mübarizə

Göytəpədə küçə ticarəti ilə bağlı tədbirlər görülsə də, problemlər tam aradan qalxmayıb


Bir neçə gün əvvəl Cəlilabad rayonunun Göytəpə şəhərində, şəhid Oktay Eynullayev küçəsində qanunsuz küçə ticarətinin piyadaların hərəkətinə yaratdığı çətinliklərlə bağlı məlumat vermişdik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən bildirilib ki, sakinlərin narazılığına səbəb olan halların aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və piyadaların hərəkətini məhdudlaşdıran qanunsuz küçə ticarəti yığışdırılıb.
Lakin ərazidə aparılan müşahidələr göstərir ki, vəziyyət tam olaraq aradan qalxmayıb. Belə ki, küçənin bəzi hissələrində, xüsusilə piyada keçidlərinin yaxınlığında qanunsuz ticarət piştəxtaları fəaliyyətini davam etdirir. Bu isə piyadaların səkidən rahat istifadə etməsinə mane olur.
Bundan əlavə, işıqforun yerləşdiyi hissədə taksilərin dayanacaq kimi istifadə etdiyi ərazi də piyadaların hərəkətini çətinləşdirir. Nəticədə insanlar səkidən deyil, avtomobil yolundan istifadə etməyə məcbur qalırlar ki, bu da həm onların təhlükəsizliyi, həm də nəqliyyatın hərəkəti baxımından ciddi risk yaradır.
Sakinlər hesab edirlər ki, ərazidə aparılan nəzarət tədbirləri davamlı xarakter daşımalı, piyada səkiləri və keçidlər tam şəkildə maneələrdən azad edilməli, taksilərin dayanması isə yalnız müəyyən olunmuş yerlərdə təşkil edilməlidir. Onlar aidiyyəti qurumlardan problemin tam həlli istiqamətində əlavə tədbirlərin görüləcəyinə ümid etdiklərini bildirirlər.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR