Dəyərli jurnalist dostlar, həmkarlar. Nəzərinizə çatdırım ki, mən uzun müddətdir (televiziyadakı fəaliyyətimlə bağlı) “İdrak” liseyindən ayrılmışam. Hadisə ilə bağlı məlumat almaq istəyinizi anlayır, narahatlığınızı başa düşürəm. Amma mən də hadisə haqqında sizin bildiyiniz qədərini bilirəm.
Bir onu deyə bilərəm ki, çalışdığım müddətdə təhlükəsizliyə kifayət qədər nəzarət olunduğunun, hətta tənəffüs zamanı, yemək guşəsində belə müəllimlərin şagirdlərə necə nəzarət etdiyinin şahidi olmuşam. Ona görə bu hadisə necə baş verib, o silah məktəbə necə daxil olub, şokdayam.????????♀️ Xəsarət alan müəllimə Allahdan şəfa diləyirəm.
VALİDEYNLƏRƏ MÜRACİƏT:
İlk növbədə özümə və daha sonra digər valideynlərə səslənirəm. Övladlarımızın oynadığı oyunlara, münasibət saxladığı dostlara, müraciət formalarına, bir-biri ilə danışıq tərzinə nəzarət edək. Onlarla söhbət edək. Bəlkə elə məktəb yoldaşları, hətta müəllimləri tərəfindən bullinqə məruz qalırlar? Bu gün dinləmədiyimiz, vaxt ayıra bilmədiyimiz, söhbət etmədiyimiz övladlar sabahın cinayətkarına çevrilə bilər. Mənim övladım etməz deməyin. Heç kim sığortalanmayıb. İnternetə çıxış olan hər uşaq, hər yeniyetmə hər şeydən xəbərdardır və təəssüflər olsun ki, bu hər dəfə yaxşı nəticələnmir. Neqativ videolar, cinayət hadisələri uşaqlar üçün nümunəyə çevrilir.????????♀️ Mən artıq övladımı kimdən, nədən qoruyacağımı bilmirəm… Hətta 12 yaşlı uşaq 6-7 yaşlı uşağa (ötən gün gün baş verib) 19 bıçaq zərbəsi yetirə bilirsə, bu artıq təhlükənin yaşının nə qədər azaldığından xəbər verir. Nəzarətsiz buraxılan hər uşaq, hər yeniyetmə potensial qatilə çevrilə bilir.????
MÜƏLLİMLƏRƏ MÜRACİƏT:
Müəllim olmaq çox məsuliyyətli, çox çətin bir yola çıxmaq deməkdir. Hörmətli müəllimlər, ilk olaraq verdiyiniz təhsil, öyrətdiyiniz elm, çəkdiyiniz zəhmət üçün hər birinizə təşəkkür edirəm. Amma indi elə bir dövrə gəlib çatmışıq ki, uşaqlara təhsildən də daha çox onlarla doğru ünsiyyət qura bilmək daha vacibdir. Ünsiyyəti doğru qura bildinizsə, onsuz da sizin fənninizi də oxuyacaqlar, oxuya bilməyən isə sizə olan hörmətinə görə ən azı dərsinizdə sakit oturacaq.
Ona görə də hər şeydən vacibi uşaqlara sevgi verməkdir. Sevgi verdiyiniz şagirdiniz sizin qatilinizə çevrilməz, vallah çevrilməz, əksinə sizin qoruyucunuz olar. Problemli uşaqdır? Problemli ailədən gəlir? Vaxtında rəhbərliyə bildirin, ailəsi ilə mütəmmadi söhbət aparın. Xəbərdarlıq olunsun. Amma uşaqların içində pərt etməyin. Alçaltmayın. Bu həll yolu deyil, yanğına benzin tökməkdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə MÜRACİƏT:
Məktəblərdə nəzarəti gücləndirin, xahiş edirəm. Müşahidə kameraları yetmir, onsuz da hadisə olandan sonra həmin kamera nə təsadüfdürsə, həmin gün “işləmir”. Siz nəzarət edin. Siz profilaktik söhbət aparın. Məktəblərə tez-tez gedin. Sizi görsünlər, məsuliyyəti dərk etsinlər. Bir jurnalist olaraq sizə necə yardım edə bilərəmsə, mən hazır. Elşad Hacıyev, məktəblilərlə görüşlərinizdən xəbərdaram. Gəlin, sizin əməkdaşlarla birlikdə məktəblərə yollanaq, danışaq, maarifləndirək. Şagirdlərə gələcəklərinin necə parlaq ola biləcəyi halda, necə qarala biləcəyini də göstərək. Nəsə edək…amma edək…Növbəti qurbanın və ya cinayəti törədənin bizim övladımız olmaması üçün edək.
Yaşamaq bu qədər çətin, bu qədər qorxulu olmamalıdır…
Oxunub: 16