Daha bu dünyadan bezmişəm, Allah.
Nolar, dərgahına tez apar məni!
Etdiyim günahlar dünyada qalsın
Hara aparırsan, düz apar məni...
Qarlı zirvələrdən aşıb gəlmişəm,
Kükrəyib, çağlayıb, coşub gəlmişəm,
Vallah bu dünyaya çaşıb gəlmişəm.
Keçir süzgəcindən, süz, apar məni.
Bu fani dünyanın neçə üzü var,
Neçə cığırı var, neçə izi var,
Hələ deyilməmiş neçə sözü var,
Hələki nurludur göz- apar məni.
Göz açıb yumunca keçdi günlərim,
Quş olub göylərə uçdu günlərim,
Daha indən belə heçdi günlərim.
Qəbrimi vətəndə qaz, apar məni.
Hər tərəf laləzar, hər tərəf yaşıl
Sənə həmdəm ola ömür yoldaşın.
Nə cavan olasan, nə ahıl yaşın...
Payızda gəlmişəm, yaz apar məni...
Oxunub: 524