dini radikalizm və ekstremizmlə mübarizə

İNSAN BİRİ İLƏ SÖHBƏT EDƏRKƏN, ÖZÜNÜ NECƏ APARMALIDIR?!


Hər bir şeyin öz qanunu, qaydası, üsulu və üslubu olduğu kimi iki nəfər arasında olan söhbətin də öz ədəb-ərkanı, üslubu olmalıdır.

İnsan biri ilə ya ayaqüstə və ya da ki, oturulu halda söhbət edərkən, onunla olan arada bir az məsafə saxlamalıdır, daha gedib özünü həmin adama yapışdırmamalıdır, nə də ki, onun ağzının içərisinə girməməlidir.

Söhbət əsnasında gözünü diqqətlə onun gözünə zilləməməlidir, heç olmasa, arada bir, nəzərlərini onun üzündən başqa bir tərəfə yayındırmalıdır. Çünki, elə insan vardır ki, kiminsə ona zillənib baxmasını sevmir, yaxud kiminsə ona zillənib baxmasından narahat olur.

Söhbət əsnasında əl-qol hərəkətləri ilə danışmaq olmaz. Bu, ədəbi qaydalara ziddir. Əgər göz görürsə, dil danışırsa və qarşıdakı adam anlayırsa, o zaman, fikri və sözü feilən izah etməyə heç bir ehtiyac yoxdur. Çünki, əl-qol ilə danışan adamlar qəbul edilmir. Bundan əlavə, elə adamlar vardır ki, kiminləsə söhbət etdiyi əsnada az qalır ki, barmaqlarını həmin adamın ağzına, burnuna və gözünə soxsun. Güya ki, bu adam fikrini əl ilə izah etməyə çalışır. Bu, heç də düzgün hərəkət deyil.

Bu günləri insanımız belə səfeh hərəkətlərə yol verməklə yalnız və yalnız qıcıq yaradır. Yaratdığı qıcığın da cəzasını sonda elə şəxsən məhz sırf özü çəkir. Sadəcə olaraq, başqasının bir az qanını qaraltmış olur, vəssalam.

Birinin də digərinin əsəblərinə, heysiyyatına toxunmasına isə birmənalı olaraq heç bir haqqı və ixtiyarı yoxdur.

Həmin adam ilə elə rəftar etsələr, görəsən, onun xoşuna gələrmi? Əlbəttə ki, gəlməz. Çünki, hər kəsin özünəməxsus bir şəxsiyyəti vardır.

Ümumiyyətlə, bu son günlərdə, elə bil ki, insanlarımızın bir çoxunun başı xarab olub. Yəni neylədiklərini, nə etdiklərini, nə istədiklərini və nə edəcəklərini bilməz hala gəlmişdirlər.

Heç bir səbəb olmadan kiminsə üzünə yersiz bir şəkildə zillənib baxmaq; danışarkən, əl-qol ilə fikri izah etmək, hətta az qala, barmaqları ağıza, buruna və gözə soxmaq; kiminləsə söhbət edərkən, məsafə saxlamaq əvəzinə gedib özünü qarşıdakı adama yapışdırmaq və ya onun ağzının içərisinə girmək və s. lazımsız hərəkətlər çox utandırıcıdır.

Onsuzda, ictimai naqisliklər sadalamaq ilə bitməz. Ancaq mən bu mövzunu dialoqda olan naqisliklərə həsr etmişəm.

Mən çox ümid edirəm ki, ictimaiyyət üçün böyük bir həvəslə qələmə aldığım bu məqalə onların xeyirinə faydalı olar, inşallah!

Ərtoğrul Mehdizadə

Oxunub: 225
Oxşar xəbərlər
SON XƏBƏRLƏR