dini radikalizm və ekstremizmlə mübarizə

ƏGƏR BİR MİLLƏT ÖZ DİLİNDƏ DANIŞMIRSA, DEMƏLİ, HƏMİN MİLLƏTİN MİLLİ QÜRURU YOXDUR!


Biz Azərbaycan xalqı türkük! Dilimiz də türk dilidir, yəni Azərbaycan türkcəsidir. Bu doğma, milli, əziz dil bizə əcdadlarımızdan irs olaraq gəlib çatmışdır. Bu müqəddəs dil uğrunda mübarizə aparan, şəhid olanlarımız da var. Fərqi yoxdur - həmin şəhidlər içərisində ziyalılar da var, yazıçılar da var, əsgərlər də var. Milli məfhum elə bir şeydir ki, onun uğrunda yaşından, kimliyindən, hansı təbəqədən olmasından asılı olmayaraq hər bir vətəndaş bir olmağı bacarır. Eynilə 1990-cı ilin 20 yanvar günündə, eynilə 1992-ci ilin Qarabağ müharibəsində, eynilə 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən vətən müharibəsində ərsəyə gələn milli birlik kimi.

Mən dəfələrlə dil problemi haqqında yazmışam. Çar Rusiyasının, Sovet Rusiyasının əyyamı deyil, hal-hazırda, milli müstəqilliyimiz var. Yaxşı, müstəqil olduğumuz bir halda nə üçün özümüz öz əlimiz ilə öz dilimizi yadelli dillərin buxovuna, yadelli dillərin qəfəsinə salırıq?! Axı niyə görə?! Mən nə üçün öz ölkəmdə rus dilində danışmalıyam? Mən nə üçün öz vətənimdə ingilis dilində danışmalıyam?

Mənim sözüm başıboş insanlaradır! O insanlara ki, öz doğma Azərbaycan dilini alçaldaraq rus dilini, ingilis dilini yüksəltməyə çalışır. Əslində, siz öz diliniz ilə bərabər həm özünüzü, həm milli kimliyinizi, həm də ki, sizin üçün müqəddəs olan hər bir şeyi alçaltmış olursunuz. Bəsdir də! Niyə görə adamı iyrəndirirsiniz? Sən heç rusun da yadına düşmürsən! İngilisin də yadına düşmürsən, ay bədbəxt! Öz dilimizin nəyi pisdir? Mən sualım milli düşüncəsi olmayan vətəndaşlaradır! Siz nəyin təbliğatını aparırsınız? Siz rus dilinin, ingilis dilinin hansı özəlliyindən dəm vurursunuz? Rus dilinin, ingilis dilinin mənim dilimdən nə kimi bir üstünlüyü var?! Beynəlxalq dildir, ona görə?

Çox qəribə bir şey çıxıb ortaya. Təzəlikcə Azərbaycanda iş üçün haraya gedirsənsə, sənə "Rus dilini bilirsən? İngilis dilini bilirsən?"-deyə, axmaq bir sual verirlər, səfeh bir şərt qoyurlar. Adama deyərlər ki, başdanxarab! Bura Rusiyadır, yoxsa İngiltərə? Mən nə üçün öz ölkəmdə işləmək üçün kiminsə dilini bilməliyəm? Bu, nə məntiqsizlikdir belə? Güya hər hansısa bir rus və ya ingilis Azərbaycana gələrkən, məhz sırf onlara rahat olsun, bir az mənfəət olsun deyənə, mən onlarla onların dilində danışmalıyam... Tüpürsünlər sizin təfəkkürünüzə! Tüpürsünlər sizin o olmayan milli qürurunuza!

Heç bir millət özünü bu qədər alçaltmır ki, bizim millət özünü bu qədər alçaldır. Hər millət öz dilinin qədrini bilir, təkcə bizim millətdən başqa. Daha gecə-gündüz ictimai yerlərdə, orada-burada rus dilində danışan adamların olduğu bir ölkədən nə gözləmək olar?!

Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əhməd Cavadın, Firudin bəy Köçərlinin, Əbdürrəhim bəy Haqverdiyevin ruhları sizlərə lənət oxuyur! Onların da dövründə sizin kimi cahil millət nümayəndələri var idi. Ona görə rəhmətlik Cəlil Məmmədquluzadə onlara "Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan zavallı xalqım mənim!" deyirdi.

Ərtoğrul Mehdizadə

Oxunub: 174
Oxşar xəbərlər
SON XƏBƏRLƏR