dini radikalizm və ekstremizmlə mübarizə

İSMAYIL ŞIXLININ ÇOX BÖYÜK BİR USTALIQ İLƏ QƏLƏMƏ ALDIĞI "DƏLİ KÜR" ADLI ƏSƏRİN MİLLİ NÖQTEYİ-NƏZƏRDƏN TƏHLİLİ


Böyüklər çox gözəl bilirlər ki, SSRİ-nin dönəmində milli məsələlərə toxunmaq, onu şərh etmək və ya qabartmaq olduqca çətin, təhlükəli, hətta ölümə bərabər bir hal idi. Çünki, o dövrdə ruslaşdırma siyasəti həyata keçirilir, təsir altında olan xalqların bütöv milli şüuru məhv edilirdi.

Ancaq, buna baxmayaraq, Azərbaycan xalqının içərisindən çıxan əsil vətən övladları isə bu milli şüuru ölməyə və məhv olmağa qoymur, onu açıq-aşkar olmasa da belə, qələm vasitəsilə üstüörtülü bir şəkildə bəyan edə bilirdilər.

Məsələn, buraya mərhum İsmayıl Şıxlının "Dəli Kür" və "Ölən dünyam", İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" və Bəxtiyar Vahabzadənin "Gülüstan" kimi əsərlərini daxil etmək lap yerinə düşərdi. Dəyərli milli yazıçılarımız bu cür qiymətli əsərlərdə xalqımızın milli keçmişini, parlaq tarixini, adət-ənənələrini, mədəniyyətini, mentalitetini, əcdadlarımızın qoyub getdiyi müqəddəs mirası təsvir etmiş; yeri gəldikdə açıq, zərurət olduqda isə xüsusi mesajlar verə bilmişdirlər.

Burada "Dəli Kür" əsəri daha çox diqqət çəkir. Fikir verirsinizsə, bu əsərdə milli bayramımız olan Novruz bayramı, müqəddəs İslam dininə olan bağlılıq, milli heysiyyatın üstünlüyü, rusların işğalçılıq siyasəti, buna boyun əyməmək açıq bir şəkildə göstərilmişdir.

Məsələn, Cahandar ağa obrazı Azərbaycan xalqının ümumiləşdirilmiş bir surətidir. Cahandar ağa öz ziddiyyətli, bəzi bağışlanılmaz cəhətləri ilə seçilməsinə baxmayaraq, onun milli-mənəvi dəyərlərə səmimi qəlbdən bağlılığı, imanı, müstəmləkəçi ruslara qarşı üsyankarlığı, sonda isə çar kazakları ilə vuruşaraq şəhid olması onun nə qədər böyüklüyündən, milli qürurun hər bir şeydən üstün və əzəmətli olmasından xəbər verir. Cahandar ağanın əsərdə öz-özünə dediyi söz də çox qeyri-adi və önəmlidir:

"......Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram,
axırda kişiliyimizi də əlimizdən alalar. Bir balaca tərpənən kimi, başının
üstünü kəsdirirlər ki, qanun buna yol verir, elə oturmayın, belə oturmayın.
Axı deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi dolanırdıq?
Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü
alırdı, nə divan var idi, nə dərə. İndi bu, nədir? Saatda bir, pristav atını çapıb
gəlir ki, niyə başınızı qaşıyırsınız? Yox, mən belə dolana bilmərəm. Mənim
öz ağlım var, istədiyim kimi yaşamışam, istədiyim kimi də öləcəyəm......".

Bəli, bu söz Azərbaycan xalqının milli kimliyi, milli şərəfi və heysiyyatıdır. Bəli, işğalçılıq, əsarət, müstəmləkə ilə barışmamağın ən bariz nümunəsi məhz bu qızıl sözlərdə öz əksini tapır.

Əgər İsmayıl Şıxlı SSRİ kimi bir zalım imperiyanın öz tərkibində olan məzlum xalqların milli kimliyi, dini ilə mübarizə apardığı bir amansız zamanlarda belə bir kəskin əsər yazmağa müvəffəq ola bilmişdisə, deməli, həm o və həm də ki, millətimiz olduqca çox böyükdür, böyük ürəyə sahibdir.

Allah İsmayıl Şıxlıya qəni-qəni rəhmət etsin! Ruhu şad olsun ki, özündən sonra silinməz bir iz və qiymətli bir xəzinə qoyub getmişdir.

Ərtoğrul Mehdizadə

Oxunub: 778
Oxşar xəbərlər
SON XƏBƏRLƏR