Camışvarlı Çərkəz ağa əski bir ər ocağına bağlıydı. Ulu babaları Qarabağın Arazbar ağzında mal-mülk yiyəsi, qılınc-qələm əhli olmuşdular. Amma Çərkəz ağanın itə atmağa bir daşı da qalmamışdı. Sovet hökuməti onun torpağını torpaqsıza, malını malsıza paylamışdı. Çöl qurudan sürüdən, göl qurudan ilxıdan ona bir at vermişdilər ki, min, ağalığın yaddan çıxmasın.
Çərkəz ağa bu atı hər səhər minir, kəndin kənarındakı "Zal dərəsi"nə sürürdü. Yaxşı bir otlu yer tapıb, atını örükləyirdi. At da örük imkan verən qədər hər yanı otlayırdı. Çərkəz ağa onu Quruçayda gündə iki dəfə suvarır, hörüyünü dəyişirdi. Onun təsəllisi bu at idi. Topdağıtmaz mülkünün iyini ondan alırdı. Nə təhər meylini ona salmışdısa, əli işə-gücə yatmırdı. Elə atı yemləməklə, ona qulluq etməklə məşğul idi. Qaşov əlindən düşmürdü.
Günlərin bir günü Çərkəz ağa atı bir otlu-sulu yerə örükləyib kəndə döndü. Zəngəzurdan seyid əsilli bir qonağı gəlmişdi. Uşaqlara beçə kəsdirdi. Arvad su qızdırıb beçələri yoldu. Bir az pörtdədib, nehrə yağı ilə soğançalı çığırtma hazırladı. Çərkəz ağa seyidlə beçəni dişlərinə çəkib, üstündən qatıq yedilər. Arvad çay hazırlayınca ordan-burdan söhbət etdilər. Çay da ortalığa gəldi. İçib, bir az da söhbət etdilər. Sonra seyidi qonşu Bəhməzli kəndinə yola saldı. Nəsə seyidin orda işi vardı.
Çərkəz ağa nahardan sonra bir hovur gözünün çimirini alıb, "Zal dərəsi"nə yollandı. Uzaqdan atını narahat gördü. Özü də narahat oldu. Ata yaxınlaşdıqca narahtlığı artdı. At özündə deyildi. Çərkəz ağa zəndləyib ata göz gəzdirdi. Gördüyü mənzərədən başı fırlandı. Başını tutub yerə çökdü.
Çərkəz ağanın atının quyruğunu kəsmişdilər.
Çərkəz ağa əlini belinə atdı. Nə xəncəri vardı, nə də tapançası. Atın ipindən yapışıb, kəndə tərəf çəkdi. At qulağını sallayıb, yiyəsinin ardınca addımladı. Kənddə birinci ev Famil kişinin evi idi. Çobankərə olmağına baxmayaraq, bütün musiqi alətlərində çalmağı bacarırdı, yaxşı da səsi vardı. Çərkəz ağa qapıda dayanıb onu harayladı:
– Famil əmioğlu, ay Famil əmioğlu!
– Nə var, ə?! Kimsən, nə istəyirsən?
– Mənəm, Çərkəz ağa. Atımın quyruğunu kəsiblər!
– Kim kəsib, ə?
– Haylavar camaatı. Mən onlardan şübhələnirəm. Mədət ver, gedək onların üstünə!
– Burax ənə, ə! Bir çər dəymiş atdan ötəri özümüzü ölümə verəjəyik?! Gəl içəri, təzə çay var səninçün "At oynama, nal bahadı" mahnısını çalajam...
Çərkəz ağa hirsindən bığını gəmirdi:
– Bıy başına daş düşsün! Balakişi oğlu Nurməmmədin belindən gələnə bax! Maa tar çalacaqmış. Bunun dədəsi meydana gedəndə baş, mənzilə gedəndə aş gətirərdi. Bu da vızqandan yapışıb. Gör kimin qapısına dada gəlmişəm?! Mütrübün! Bunun özünə kömək eliyən lazımdı...
Çərkəz ağa fikir-xəyal içində ikinci evə yaxınlaşdı. İkinci ev Şəmşirin idi. Qışqırıb onu harayladı:
– Şəmşir əmioğlu, ay Şəmşir əmioğlu!
– Bəri gəl, ay Çərkəz! Nə olub?
– Əmioğlu, atımı Haylavar camaatı lümə eləyib. Bizi nakişi yerinə qoyublar. Min atını, düş ardıma!
– Bikar qalmısan e, vallah! Otum-ormanım qalıb kövşəndə, sən də məni davaya çəkirsən. Uşaqları göndər, mənə kömək eləsinlər! Yağış yağar, ot-əncər zay olar. Qışda qalarıq, əlamanda! Özün də get qaxıl, otur evdə, atı da unut getsin. Bir atdan ötrü özünü bada verərsən...
Çərkəz ağa onun sözünün ardını dinləməyib sola buruldu. Beynində də minbir fikir. O qədər hövlləndi ki, asi-kifir oldu:
– Ay Allah, niyə göydən daş tökmürsən?! Bu nə gündü düşmüşəm. Belə əmioğluluq olar? Bunun dədəsi Ağalar quşu gözündən vururdu. Qaradağlı Hacı Rəhim xan Çələbiyanlı atlılarına tapşırardı ki, dədəsi yanmışlar, hara gedirsiniz gedin, kimi çapırsınız çapın. Ağaların qapısından uzaq-uzaq. Adamı alnından vurur. Bu da Ağaların züryəti. Kol tutmuş qoyuna bənziyir. Hələ utanıb-ölmür, məndən hav da istəyir. Yaxşı, saa gəlib ot daşıyajam, a Şəmşir! Dağıl, a dünya!
Çərkəz ağa bu heyndə Bəşir kişinin doqqazına yetişdi. Çağırıb onu harayladı:
– Bəşir əmioğlu, ay Bəşir əmioğlu!
– Gəldim. Doqqazda gözlə! Hə, nə olub, nə baş verib? Atı kim bu kökə salıb ə?!
– Haylavarlılar.
– Ay onların anasını!.. Sən öl, bu saat hazıram onların hamısını qırmağa! Di gəl, arvad dünəndən yükün yerə qoymağa hazırdı. Mamaça axtarıram. Nənəş arvad Bəhmənliyə gedib. İncimə, əmioğlu! Arvadı yerdə qoyub, heç yana gedə bilmərəm. Gör kimi tapırsan!..
Çərkəz ağa ondan aralanıb bilmədi ağlasın, ya gülsün. Düşüncəyə qapıldı:
– Bu nə məsğərədi düşmüşəm, ay Camışvar camaatı?! Bəyəm bu xaraba obada bir qəyyur, bir qeyrətkeş yoxdu? Bunlara deyən yoxdu ki, Rzaqulu ağanın nəvəsi meydanda tək qalıb. Kordular, qaravdılar, nədilər bunlar? İçlərinə vav azarı düşüb? Yerlərindən tərpənə bilmirlər? Nə tez unutdular əməyimizi? Niyə tapdaladılar nəməyimizi?..
Çərkəz ağa fikirdən ayılıb özünü Ağakişinin qapısında gördü:
– Ağakişi, ay Ağakişi!
– Nə var, əmioğlu?
– Atımı əmioğlu! – Qəhərləndi. Sözünü bitirə bilmədi Çərkəz ağa.
Ağakişi hövlnak qənşərə çıxdı. Atı görüb vaysındı:
– Baho! Gör atı nə günə qoyublar! Haylavarlılar eliyibmi? Su uyuyar, düşmən uyumaz. Niyə atı yiyəsiz qoyurdun? Bilmirdən marığa yatıblar? Di yeri, öz cəzandı çək! Kim sənə kömək edəcək? Camışvarlılar? Ay hay! Məhərrəmuşağı kolxozu qurub oturublar üstündə. Əmioğlu demirlər, dayıoğlu demirlər, sözlərinə baxmayanı Sibirə göndərirlər. Pərcahanlılar?! Heç öz milçəklərini qova bilmirlər. Əmirmuradlılar?! Özlərindən başları açılmır. Kim?!
– Sən kömək elə, əmioğlu! Bu qisası düşmanda qoymayax!
– Mən! Hi-hi! Dəvə havanı korlasa, məni yel aparajax. Məndə can-cəsəd nə gəzir, rəhmətliyin oğlu! Ver özünü o yana! Bahadur əmin elə bil Həzrət Abbas cöngəsidi! Boynuna örkən dolanmır...
Çərkəz ağa Ağakişinin töhmət-təhnizindən lap cin atına mindi:
– Buna bax e, tıxmır tülüngü! Mənə yol-yolağa göstərir. Bəstə-bəsərək boyuyla ma məşvərətçi olub. Adını da əmioğlu qoyub. Dədəm olmasaydı, toxumunuzu yer üzündən silmişdilər. Gorun çatlasın, ay dədə! Məni kimlərin umuduna buraxıb getdin...
Çərkəz ağa yolunu əmisi Bahadurun qapısına saldı:
– Əmi, ay əmi!
– Nə var iyid ölmüş! Niyə qoymursan dincimi alım!
– Əmi, atımın quyruğunu kəsiblər!
– Yaxşı eləyiblər, əllərinin də içindən gəlif. Nəyinə lazımdı o at?! Bir ilxını bada verib düşmüsən bir yabının arxasına! Öl, başına çatı sal. Dədəmdən qalan var-dövləti dədən dağıtdı, qalanını da sənin əlindən aldılar. Allah haqqı nahaqda qoymur. Var-dövlət sizin nəyinizə lazımdır?! Nə pay-bölüş idi? Qalardı məndə, bir ujundan da siz yeyərdiz! Yeri sənə o da azdır! Kül başına!..
Çərkəz ağa bu qədər töhmət-təhnizə, tənəyə tablamayıb aralandı. Digər əmisinə pənah apardı:
– Maşdı əmi, ay Maşdı əmi!..
Məşədi kişi onu əl eləyib yanına çağırdı:
– Nədi, nə olub? İtiyin itib? Səhərdən obada şinlik qoymamısan. Layış qalayçısı kimi hər qapını döymüsən. Dərdin nədi?
Bu dərd məni öldürəjək. Atımın quyruğunu Haylavar camaatı kəsib. Kimin kəsdiyini də bilirəm. Mənə havar verən, arxa duran yoxdu. Düşman indi Çərkəz ağanın atının quyruğundan tuğ düzəldib şənlənir. Mənim də burda ürəyim partlayır. Neyləyim, əmi? Maa məsləhət ver!
Məsləhətim odur ki, get başının altına iki, ayağının altına bir yastıq qoyub yat. Hər işin öz vədəsi var. Qisasında öz vaxtı var. Koroğlu öz qisasını yeddi ildən sonra alıb, amma deyib ki, bir az tələsdim. Sən də tələsmə. Başına iki-üç cahıl-cuhul alarsan, gedərsən Haylavara. Düşman da yatmayıb. Sizi elə yoldaca qırarlar. Ya da ki, hökumətin yasavulları bu saat "qan-qan" deyirlər. Sizi tutub elə yerə göndərərlər ki, ora "Allahu əkbər" çatmır. Get dediyim kimi elə, gözlə. Hirsli başda ağıl olmaz.
Çərkəz ağa ayağını sürüyə-sürüyə evə qayıdanda kötük üstündə söhbət eləyən Məhəmməd kişi ilə Bəylər kişini görüb sevindi. Hər ikisi bir vaxtlar dəliqanlı olmuşdu. Söz-söhbətlərinin bəzəyi keçən ehtişamlı günlər olardı. Onlara yaxınlaşdı:
– Salamun əleykim! – Əleyk alıb əyləşdi. Sözünə davam etdi: – Əmilər, sizcə, bu at niyə bu gündədir? Ərlik-ərənlik öldümü? Mərdin qisası namərddə qalajaxmı? Allah heç bir iyidi tək qoymasın! Aslanın yalqız qalanda...
Məhəmməd kişi onun sözünü kəsdi:
– Nə rəcəz oxuyursan? Biz görən meydanlar boş qalıb indi. Hökumət dovşanı araba ilə tutur. Sənin atına nə olduğunu Savalan yaylağındakı təklələr də eşidiblər. Biz indi acizik. Bu hökumət bizdə nə yaraq qoyub, nə daraq.
– Hanı, bəs deyirdin, dədəm İmankişi Qaradağın açarı, Qarabağın kilidiydi? Nə olub sənə? O cür kişinin oğlu qorxaq olar? Tat-tacik sizdən qeyrətlidi!..
– Bala, mən Sibirdən qorxmuram, silistdən qorxuram. Bu hökumətin get-gəli ölümdən betərdi!
– Sən nə deyirsən, Bəylər əmi? Məhəmməd əmim arxasını arxalığa verib. Ta onun dövranı dönüb.
– Elə mənim dövranım da keçib. Ta mən belə işlərdə yoxam.
– Xələf bəyin nəvəsinə bax, ay Allah! Lap Dübbə Hüseyn kimi danışır.
– Xələf bəyi bir daş da dərin yatsın! Elə onun oduna düşmədimmi? Xələf bəyin nəvəsiyəm deyə-deyə üç dəfə qazamat çəkmişəm. Sən bilirsən ki, zindanın bir günü nə illah keçir?! Hardan biləsən, ay yazıq! Göy atı minib ora-bura çapmaq deyil e! Bir gün adama bir il kimi gəlir. Qələt elərəm babam Xələf bəynən bir də xilaf iş tutmaram. Get əl-ayağını döşünə yığ, səssizcə otur yerində. Vallah, başına elə oyun açarlar ki, şunquruğu qiyamətəcən deyilər. Kirimişcə dur yerində. Saa at quyruğu lazımdırsa, sabah bir at torbası gətirim.
Çərkəz ağa onlardan aralanıb evə döndü. Qapıda bir az əyləşdi. Ata baxıb hövlləndi. Üzünü gün batana tutub qışqırdı:
– Ay dayı, hey!
Yadına düşdü ki, dayılarının öldürüləni öldürülüb, qalanı da Qazaxıstan çöllərinə sürgün olunub. Naçar qalıb üzünü şimala, "Şirvan ata" qəbiristanlığına tutdu:
– Ay dədə, hey!
Qəbiristanlıqdan səs gəlmədi. Üzünü göyə tutdu:
– Ay Allah, hey!...
...Çərkəz ağanın qırx məclisində Famil kişi Şəmşir kişiyə deyirdi:
– Dünən haylavarlılar 2 öküzümü aparıblar...
Oxunub: 1 016