dini radikalizm və ekstremizmlə mübarizə

MİLLİ TELEVİZİYALARIMIZ MƏNASIZ VERİLİŞLƏRDƏN VƏ SERİALLARDAN TƏMİZLƏNSƏYDİ, ÇOX YAXŞI OLARDI......


Bu günləri tərtib olunan verilişlərə və seriallara baxarkən, adamda yalnız və yalnız dərin bir ikrah hissi yaranır. Bir neçə nəfərin ortaya düşərək dırnaqarası insan təəssübkeşliyi çəkməsi çərçivəsində cahil vətəndaşları ekranlara çıxartması və onların taleyini "həll etməyə cəhd göstərmələri" necə də gülüncdür. Şəxsi problemlər, özəl həyat ictimailəşdirilməməlidir. Bunu edən və həmin ailələri də ona sövq edənlər birmənalı olaraq cinayət məsuliyyəti daşıyırlar. Hər hansısa bir Azərbaycan ailəsi öz şərəfini, qürurunu və ailə dəyərlərini qorumalıdır, onu 5-10 manat pula satmamalıdır. Öz xəstə düşüncəli verilişlərinin reytinqini qaldırmağa çalışaraq Azərbaycan ailələrinin şəxsi həyatını, problemlərini oyun-oyuncağa və teatr tamaşasına çevirən vicdansız aparıcılar da bir gün bu ölkənin məhkəmələrində cavab verəcəklər!

Komediya tipli seriallara gəlincə isə orada təlxəklərdən və klonlardan başqa heç kəsi görmürük. Adlarını qeyd etdiyim Azərbaycan insanı özünü çox düşük və səviyyəsiz bir dərəcəyə salmışdır. Allahın verdiyi qızıl saat, görün, necə də çürük şeylərə xərclənir. Heç şəkk-şübhəsiz ki, belə yersiz hərəkətlər Azərbaycan xalqının xüsusiyyətlərinə tamamilə yad və yabancıdır.

Bizim şanlı, parlaq keçmişimiz və dillərdən düşməyən dastanımız vardır. Ümumiyyətlə, millətimizin və azyaşlı övladlarımızın şüurunda milli təfəkkürü formalaşdırmaq, inkişaf etdirmək üçün, gərəkdir ki, Azərbaycan televiziyalarında, ekranlarda mədəni-maarif islahatları həyata keçirilsin və maarifləndirici tədbirlər görülməlidir. Tariximizdə iz qoymuş, Azərbaycanımıza, bu vətənə, millətə və dövlətə qarışqa boyda faydası olmuş böyük şəxsiyyətlər haqqında sənədli filmlər hazırlanmalıdır. Erkən və orta əsrlərdə Azərbaycan üçün iri imperiyalar ilə vuruşan, çarpışan, qan tökən, öldürən və öldürülərək adını tarixə qızıl hərflər ilə yazdıran sərkərdələrimiz və onları həyatı gənclərimizə tanıtdırılmalıdır!

Narkomaniya, insan alveri, tüfeyli və avara həyat tərzi, oğurluq kimi cinayətkar əməllər pislənilməli və bu səpkidə tərbiyələndirici proqramlar tətbiq edilməlidir.

Millətimizin ağır adamlarına Şou biznes, üzr istəyirəm bu ifadəmə görə, hansı müğənninin hamilə qalması və yaxud da ki, kimdən hamilə qalması; hansı müğənninin nə qədər pulunun olması, hansı müğənnininsə evinin villa, yoxsa həyət evi olması, hansı tanınmışınsa hansı tanınmış ilə nə üstündə qalmaqal yaşaması və s. boş şeylər maraqlı deyil, təbii ki, bəzi səfeh vətəndaşlardan başqa... Çünki, bu kimi gərəksiz şeylər təkcə onları maraqlandırır.

Bu millət üçün maarif, vətən sevgisi, mədəniyyət, mentalitet, milli qürur, işıqlı sabah və parlaq gələcək daha lazımlı və daha önəmli olmalıdır. Bütün qayəmiz yalnız bu, olmalıdır!

Təki hər zaman vətən, millət, dövlət sağ olsun! Bayrağımız var olsun! Əzanlarımız hər daima eşidilən olsun!

Ərtoğrul Mehdizadə

Oxunub: 951
Oxşar xəbərlər
SON XƏBƏRLƏR