Azərbaycan Respublikasının müxtəlif bölgələrində, xüsusilə paytaxtımız Bakı şəhərində silsilə şəkildə israfçılığa yol açan və nadanlığı özündə əks etdirən hüzur məclisləri təşkil edilir. Bu bəyənilməyən və xoşagəlməz vərdiş artıq bir adət-ənənə halı alaraq həyatımızın bir ayrılmaz, qırılmaz parçasına çevrilmişdir. Belə bir təsəvvür yaranmışdır ki, "güya yas məclisi təşkil etməsək, qonum-qonşunun qınağına rast gələcəyik". Birincisi, dini nöqteyi-nəzərdən 3 gündən artıq yas saxlamaq olmaz: iradələri zəif olduğu üçün təkcə qadınlara şəriət tərəfindən 3 gün əzadarlıq etməyə izn verilir; çünki, qadınlar özlərinə üz vermiş müsibətə qarşı bütün gücləri sayəsində axıra qədər tam tab gətirə bilmir, hətta üz-gözlərini cırmaq, faciənin ciddi təsirindən öz həyatlarına qəsd etmək kimi ən ağır addımlar atmağa belə cəhd edə bilirlər. İkincisi, insanlar vəfat etmiş mərhumun ailəsinə maddi köməklik etməlidirlər, daha onları məsrəfə, israfçılığa sövq edərək "Yas mərasimi" adı altında yeyib-içmək məclisi qurdurub da qarınlarını doyuzdurmaq ilə məşğul olmamalıdırlar. Bu, heç şəkk-şübhəsiz ki, həm eyib sayılır və həm də ki, mənəvi ziyan dəymiş ailəyə ikinci bir maddi ziyan da vurulur. Vəfat etmiş insan dəfn ediləndən sonra artıq onun üçün cürbəcür, dalbadal yas mərasimləri qurulmamalıdır. Bunun ən bariz nümunəsi 3, 7, cümə axşamları, 40, 52 və il kimi hüzur məclislərinin düzənlənməsidir. Bunlara heç bir ehtiyac və lüzum yoxdur. Hamısı boş-boş şeylərdir. Yas mərasimlərinə nəzarət edən müvafiq dövlət orqanları da bu barədə tədbirlər görməyə və vətəndaşları israfçılıqda ifrata varmaqdan çəkindirməyə çalışırlar. Məntiqlə düşünsək, görərik ki, bu yas mərasimlərindən, orada hazırlanan yeyib-içməkdən, yığılan pullardan mərhuma, onsuzda, heç bir şey çatmır. Yasa gələn camaat havayı qarınlarını, mollalar isə ciblərini doldururlar. XVI əsrdən etibarən mənəviyyatımızda daşlaşmış, iyrənc bir vərdiş halına gəlmiş və milli dəyərlərimizin sırasında özünə layiqsiz bir yer tutmuş bu əməlləri tərk etmək, maariflənmək lazımdır. Qaranlıqdan çıxaraq işığa doğru addımlamalıyıq.
Ərtoğrul Aypar
Oxunub: 743