Mənim adım Ulduzdur. Xəyal qururam və o xəyallara çatmaq üçün durmadan çalışıram. Əlbəttə ki, gündən-günə hər bir məqsədimə də çatıram. Mənim də özümə görə kiçik, amma çətinliklərlə dolu hekayəm var. Marneulinin kiçik kəndlərindən birində anadan olmuşam, böyümüşəm və təhsil almağa çalışmışam. 9 –cu sinifi bitirdikdən sonra bizim kənd məktəbində 12-ci sinifi bitirməyimə imkan olmadığı üçün qonşu kəndə getməli oldum. Təhsilimi yarıda kəsməmək üçün mən hər gün piyada gedirdim məktəbə. Tam 3 il hər gün səhər gedib, axşam qayıdırdıım. Qışda səhər mən oyananda hələ qaranlıq olurdu. Gözləyirdim ki, günəş bir az çıxsın və ışıqlanan kimi mən yola düşürdüm. 08:30-da artıq dərsdə olmalıydım. Düşünün, neçədə çıxmalıydım ki, evdən 3 kilometr yolu piyada elə gedim ki, dərsə də gecikməyim. Əlbəttə gecikdiyim zamanlar da olurdu. Çox vaxt dərsdən sonra hazırlığa da qalırdım. Geri qayıdan zaman artıq gün batmış olurdu. Yolda başımı aşağı əyərək qayıdırdım, Düşünürdüm ki, bəlkə keçən kənd maşınlarının yazığı gəlib, saxlayardılar deyə. Ən çox getmək-gəlmək səhər çox soyuq olanda çətin olurdu. Qar və yağışı demirəm heç. Yağışlı havada evə qayıdan zaman başdan-ayağa su içində olurdum.
Əlbəttə ki, bu çətinliklərə dayanırdım, çünki məqsədim var idi. Ancaq dəstək olan sadəcə ailəm idi. Ətrafdan ancaq və ancaq qınayırdılar. “Bu heç evdə də tapılmır, bu oxumaqdırmı ki?” deyənlər çox idi. Növbəti illərdə qonşu kəndlərə xüsusi avtomobil verildi, bizim kənddən sayımız az olduğuna görə heç ehtiyac duymadılar ki, bizi də sayıb avtomobil verələr ki, əziyyətimiz bir az da olsa azala. Soruşan zaman iki səbəb deyirdilər. Sizin kəndin yolu pisdir və kəndinizdən oxuyan uşaq azdır. Kaş ki, ən azından yolumuz olsaydı, heç olmasa yağışlı havada piyada gedərkən boğaza qədər palçığa batmazdıq.
Bunlardan əlavə kənd məktəbimizdə təhsilin səviyyəsi çox zəif idi və bizimdə biliyimiz çox az idi. Mən o biri məktəbə getdikdən sonra lağ yeri olmuşdum. Özümü onların səviyyəsinə çatdırmaq üçün çox çalışırdım. Bacarırıdım da. Kənddən yeganə oxuyan qız idim. Təkbaşıma 3 ili piyada getdim-gəldim və 12 – ci sinifi qonşu kənddə başa vurdum. Çox çalışdım və istəyimə nail oldum. Mən sacədə 9 illik məktəbi olan, nə yolu, nə də nəqliyyatı olmayan kənddən Tbilisi Dövlət Universitetinə qəbul olmağı bacardım. Mən bizim kəndin ali təhsil müəssisəsində təhsil alan yeganə qız tələbəsi olmuşdum.
Əsas istəyim qızların hər zaman güclü olub çalışmaqlarıdır. İstəyirəm ki, nümunə götürsünlər, çəkinməsinlər, yorulmasınlar, söz söhbəti qınaqları dinləməsinlər. Sadəcə irəliyə yönəlsinlər və təhsillərinə baxsınlar. İradəli olsunlar, uğurlarına inansınlar, xəyal qursunlar, məqsədyönlü olsunlar və beləliklə hər zaman istənilən nəticəyə nail olacaqlar.
Müəllif: Ulduz Əliyeva
Mənbə: Pəncərə