Təmirdən sonra “İsrafil Hüseynov” borudüzən gəmisi “Şahdəniz - 2” layihəsi çərçivəsində işini avqust ayında bərpa edə bilər. Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə deyib.
Qeyd edək ki, bu ilin mayın 8-də “Şahdəniz-2” layihəsi çərçivəsində İtaliyanın “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” borudüzən gəmisində partlayış baş verib. Hazırda gəmdə təmir-bərpa işləri aparılır.
“Gəmidə baş verən hadisə sahədə aparılan işlərin qrafikinə təsiri edib. Hazırda qəminin tezliklə işə qaytarılması üzərində lazımi tədbirlər aparılır”, - deyə mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, “Şahdəniz” yatağında işləri bitirdikdən sonra “İsrafil Hüseynov” gəmisi “Abşeron” yatağında fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.
Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Dəhlizi tam gücü ilə işə salınması Azərbaycana Türkiyəyə nəql edilən qazın həcmini 6 mlrd. kubmetr artırmağa və Avropaya “mavi yanacağın” nəqlini təmin etməyə (ildə 10 mlrd. kubmetr) imkan yaradacaq.
Oxunub: 590