Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə işlər aparılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, borudüzmə əməliyyatlarına ASCO-nun “Aura” yedək-təchizat və “Süleyman Vəzirov” borudüzən gəmiləri cəlb olunub.
Artıq əməliyyatların birinci mərhələsi yekunlaşıb. Belə ki, “Darvin Bankası” və “Abşeron bankası” arasında 13 299 metrlik boru xətti tam çəkilib.
Hazırda gəmilərlə “Abşeron bankası” – “Qərbi Abşeron” arasında boruların döşənməsi prosesi yerinə yetirilir. Bu xəttin uzunluğu 11 600 metrdir.
Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Separator Məntəqəsində borudüzmə işləri görüləcək.
SOCAR-ın qiymətləndirmələrinə görə, "Abşeron" yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir. Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsidir.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilk qaz hasilatına 2020-ci ilin üçüncü rübündə başlanacağı gözlənilir. İlkin dövrdə yataqda ildə 1,5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, 2022-2023-cü illərdə isə bu göstərici ildə 4 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.
Oxunub: 619