Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, deputat Əflatun Amaşov və bir qrup jurnalist, baş redaktorlar 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət ediblər.
Unikal.org xəbər verir ki, jurnalistlər Elmar Hüseynovun məzarına gül dəstələri qoyub, onun ruhuna duallar oxuyublar.
Əflatun Amaşov Azərbaycanda söz və mətbuat azadlığından söz açıb.
Şura sədri bildirib ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə söz və mətbuat azadlığı ilə bağlı ciddi işlər görülmüş və görülməkdədir.
Qeyd edək ki, ziyarət mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, jurnalistlər Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev və digər şəxslər iştirak ediblər.