Azərbaycanımızda, vaxtı ilə, mövcud olan Sovet hakimiyyətinə boyun əyənlər də oldu, əyməyənlər də. Boyun əyməyənlərin cərgəsində olanlardan biri də, məhz mərhum İsmayıl Şıxlı idi ki, biz onu öz yazdığı “Dəli Kür” əsərindən tanıdıq. SSRİ dönəmində belə bir möhtəşəm, məhşur əsər yazmaq, yalnız milli kimliyə sahib olmaqdan, doğma vətənə və torpağa bağlılıqdan irəli gələn ali bir məfhum idi. Sovetlərin zamanında bizim ənənəvi bayramlarımızdan olan Novruz bayramının keçirilməsi, İslami ayinlərin yerinə yetirilməsi (xüsusilə namaz qılmaq) yasaq idi. Çünki, ölkədə milliyyətsizlik və allahsızlıq ideologiyası tətbiq olunurdu. Ancaq vətənimizin igid övladlarından biri olan İsmayıl Şıxlı “Dəli Kür” əsərində yürüdülən bu çirkin siyasətə qarşı bir əks mövqe nümayiş etdirdi: adət-ənənələrin yox olmadığını, Azərbaycan türklərində milli şüurun ölmədiyini, bir olan Allaha inamın daha dünyanın sonuna qədər davam edəcəyini sübuta yetirdi. İndi bu ali əsəri təhlil edək.
“Dəli Kür” əsərində Cahandar ağanın dediyi bu tarixi, igid sözləri diqqətlə oxuyun.
“......Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram, axırda kişiliyimizi də əlimizdən alalar. Bir balaca tərpənən kimi, başının üstünü kəsdirirlər ki, qanun buna yol vermir, elə oturmayın, belə oturmayın. Axı, deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi dolanırdıq? Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü alırdı, nə divan var idi, nə dərə. İndi bu, nədir? Saatda bir pristav atını çapıb gəlir ki, niyə başınızı qaşıyırsınız? Yox, mən belə dolana bilmərəm. Mənim öz ağlım var, istədiyim kimi yaşamışam, istədiyim kimi də öləcəm......”.
Bu sözlərin mənası çox dərin və təqdirəlayiqdir. Əslində, bu sözləri Cahandar ağa obrazının yox, İsmayıl Şıxlının comərdcəsinə dediyi müstəqil bir söz kimi qəbul etməliyik. “Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar” deməklə, onu bildirmək istəyib ki, müasiri olduğu Sovet höküməti Azərbaycan türklərinin işinə çox qarışır və müdaxilə edir. “Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi” deməklə, Azərbaycan türklərinin nə qədər şərəfli, sözükeçən və heç kimlə hesablaşmayan bir millət olduğunu vurğulamışdır. “Yox, mən belə dolana bilmərəm. Mənim öz ağlım var, istədiyim kimi yaşamışam, istədiyim kimi də öləcəm” deməklə, sanki, iblisin qanlı caynaqları ilə qurulmuş bu buxovların, daha doğrusu, imperiyanın gələcəkdə dağılacağını, yerlə-yeksan olacağını bir mesaj olaraq vermiş, azad, müstəqil və güclü bir Azərbaycan dövlətinin yaranacağını bildirmişdir.
Bundan əlavə, əsərdə Novruz bayramının təsvir olunması da onu göstərir ki, Azərbaycan türkləri yaşayır və onların yaşaması ilə yanaşı, adət-ənənələri yaşayır. Əsərin ideoloji xüsusiyyətlərini və müsbət cəhətlərini açdıq. Bədii komponomentlərinə də diqqət yetirsək, görərik ki, əsər parlaq bədii vasitələrlə bəzədilmiş və işıqlandırılmışdır.
Ərtoğrul Osman Əfəndi