Şücaətli millətimizin tökülən qanı və keçirdikləri kütləvi, çoxsaylı milli-azadlıq hərəkatları hesabına bağımsızlığımız və hürriyyətimiz bərpa olundu. Lakin siyasi işğaldan çıxaraq, mədəni işğala məruz qaldıq; sən demə, Qərb SSRİ-nin dağılmasını və öz çirkin siyasətini Azərbaycanda yeritmək üçün çoxdan fürsət gözləyirmiş. Mədəni işğal elə bir məfhumdur ki, onunla yaşlı nəsli yox, məhz gənc toplumu təsir altına salmaq olar ki, Azərbaycan gəncləri də məhz bu cür işğal olundu. Çünki, yaşlı-ahıl nəsl, demək olar ki, oturuşmuş və dünyanın gəldi-gedərini anlayan insan cəmiyyətidir. Lakin gənclərin yaşı az olduğundan və həyat təcübələrinin kifayət qədər olmamasından hər cür təsir altına düşmələri sığortasızdır. Qərbin gənc nəslinə baxarkən, insanın ürəyi bulanır: onların geyimi, rəftarı, saç düzümü və baxışları çox iyrəncdir. Gənclərimizin bəziləri istisna olmaqla, əksəriyyəti özünü onlara oxşadır. Axı nə üçün belə olmalıdır? Mən də özünütanıyan, millətini, vətənini, dövlətini sevən bir gəncəm. Mən nə üçün özümü başqasına oxşatmıram? Cavabım odur ki, məndə milli şüur, milli mənlik anlayışı məhv olmamışdır. Qərb Azərbaycan gənclərini musiqilər, geyim formaları, saç düzümləri ilə, bir sözlə desək, mədəni tərzdə məhv və işğal edir. Buna yol verməməliyik! Dövlətin, valideyinlərin verdiyi imkandan Azərbaycanın heç bir gənc vətəndaşı özünə ziyan verəcək, onun milli kimliyini yox edəcək vasitələrə görə sui-istifadə etməməlidir. XIX əsrin ortalarından başlayaraq, XX əsrin əvvəllərinədək, sırf azərbaycanlı bir nəsl yetişdirməyə çalışan milli ziyalılarımız olan Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Əliəkbər Sabir, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Abbas Səhhət, Mirzəli Möcüz, Əli Nəzmi, Ömər Faiq Nemanzadə və digərləri bu müqəddəs yolda xeyli səy göstərdilər. Lakin Azərbaycan xalqının, vaxtı ilə, böyük imperialist dövlətlərin işğalına məruz qalması və həmin gavurların köçürmə siyasəti nəticəsində onlarla izdivaca girmələri, qanlarının qarışdırılması, zaman keçdikcə, başqa-başqa ölkələrə gedərək ali təhsil almaları artıq onları milli kimlikdən uzaq salmışdı deyənə, onlar milli ziyalılarımızın mədəni formada dediklərini heç cür qəbul edə bilmirdilər. Bundan əlavə, o dövrdə təmiz türksoylu şəxslər isə, adlarını çəkdiyim bu maarifləndirici insanlar idi. Çünki, heç bir xarici təsirin altına düşməyərək, birmənalı olaraq, sırf savadlı, gözüaçıq bir “Azərbaycan cəmiyyəti” formalaşdırmaq istəyirdilər ki, bura daha çox gəncləri çəkmək niyyətində idilər. O dövrdə gənclərimiz mollaxanalarda ömür-gün çürüdürdü, fars mollasına, osmanlıpərəstə və rus intelligentinə çevrilmişdilər. İndiki dövrün Azərbaycan gəncləri isə, Qərbmeyilli bir həyat tərzi keçirirlər və bunun onların xeyrinə deyil, ziyanına olduğunu görmürlər və qəbul etmək də istəmirlər.
Ərtoğrul Osman Əfəndi