Gündəlik istifadə olunan bir çox əşyalarda, o cümlədən plastmas uşaq oyuncaqları və keramikadan olan məmulatlarda xərçəngə səbəb ola biləcək yüksək miqdarda ağır metal - kadmium mövcuddur.
Djb.az Phys.org nəşrinə istinadən xəbər verir ki, belə bir nəticəyə Böyük Britaniyanın Plimut Universitetinin alimləri gəlib.
Sənayedə kadmium maddəsindən al-qırmızı, narıncı və sarı rəngləri əldə etmək üçün geniş istifadə olunur. Bundan başqa, adıçəkilən maddə emal prosesində şüşə əşyalara hopa bilər.
Alimlərin fikrincə, insanla təması olan mühitdə sözügedən ağır metalın konsentrasiyası milyona 50-800 zərrəcikdən çox olmamalıdır. Habelə bir çox predmetlərin səthində kadmium miqdarının normadan artıq olduğu bildirilir.
Mütəxəssislər qeyd edir ki, kadmiumun ən yüksək konsentrasiyası köhnə stəkan və şüşə qablarda (xüsusilə müxtəlif rəngli loqotip, yazı və şəkillərin həkk olunduğu şüşə qablarda), keramika və plastmast məmulatların səthində, o cümlədən, uşaq oyuncaqlarında aşkarlanıb.