dini radikalizm və ekstremizmlə mübarizə

QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri: “Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır”

QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri: “Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır”
“Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır”.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Tbilisidə miqrasiya və sağlamlıq mövzusunda keçirilən regional konfransda QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli bildirib.

O deyib ki, miqrantlar yalnız sağlamlıq durumu ilə bağlı şikayəti olanda həkimə gecikmiş formada müraciət edirlər: “Digər tərəfdən ölkədən deportasiya olunmuş şəxslər yalnız öz istəkləri əsasında həkimə müraciət edirlər. Bu da onları ətrafdakı insanlar, xüsusən də ailə üzvləri üçün təhlükəli edir”.

A.Nəzərli qeyd edib ki, ildən-ilə Azərbaycana gələn miqrantların sayı durmadan artır: “Miqrasiya haqqında qanunvericilik beynəlxalq təcrübəyə əsaslansa da, bir sıra ölkələrdə olduğu kimi mükəmməl deyil və mövcud boşluqlar maneələrdən yan ötərək ölkəyə daxil olmağa imkan verir. Digər tərəfdən miqrantları izləmək çətindir. Belə ki, onlar deportasiya olunmaqdan qorxurlar və ilkin mərhələdə miqrantda olan xəstələyi müəyyən etmək çox çətin olur”.

Şöbə müdiri bildirib ki, Azərbaycanda miqrantlara onların ölkə vətəndaşı olmamasına baxmayaraq, qısa müddət ərzində HIV-lə bağlı müalicə təyin olunur: “Əgər həmin şəxs ailəsi ilə yaşayırsa, cinsi tərəfdaşına da müalicə təyin olunur. Penitensiar xidmətdə olan miqrantlar da həmçinin dövlət hesabına müalicəyə cəlb olunurlar”.

A.Nəzərli Azərbaycanda miqrasiya nəzarəti istiqamətində hələ də problem və həll olunmamış məsələlərin mövcud olduğunu vurğulayıb: “Ölkəyə nəzarətsiz giriş və çıxış imkanı olduğundan profilaktik işləri tam həcmdə həyata keçirmək mümkün olmur. Biz əlbəttə ki, digər ölkələrin bu sahədki qanunvericilik bazası, miqrasiya xidmətində həyata keçirilən yenilikləri izləyirik. Bu yeniliklərin Azərbaycanda tətbiq olunması hələ mümkün deyil. Hər bir ölkə miqrasiya sahəsində eyni problemlərlə üzləşir. Ölkələr arasında sıx qarşılıqlı əlaqə sayəsində miqrantların giriş və çıxışı barədə, xüsusən də onların infeksion xəstəlik səbəbindən deportasiya halları barədə məlumat mübadiləsi həyata keçirmək zəruridir”.

Beynəlxalq Miqrasiya Təşkilatının keçirdiyi konfrans Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali arasında HIV/QİÇS və vərəm xəstəliyinin qarşısının alınması, müəyyən olunması və müalicəsi ilə bağlı regional layihə çərçivəsində təşkil olunub. Toplantıda Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova Azərbaycanda bu ilin mart-aprel aylarında miqrantlar arasında HIV və vərəm xəstəlikləri ilə bağlı səhiyyə xidmətlərinin əçatanlığı barədə keçirlmiş tədqiqatın nəticələrini təqdim edib.

Araşdırma nə vaxtsa xarici ölkədə çalışan Azərbaycandan olan əməkçi miqrantlar, qrup şəklində yaşayan məcburi köçkünlər və xarici ölkələrdən gələn tələbələr olmaqla üç əsas qrup arasında aparılıb. Müəyyən olunub ki, Azərbaycanda olan miqrantlar arasında onların müəyyən qədər qapalı yaşaması və dil baryerinə görə məlumatlılıq səviyyəsi arzuolunan səviyyədə deyil.

Regional konfransda həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP), Gürcüstan və Ermənistanın səhiyyə nazirliklərinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak edib.

Oxunub: 728
Oxşar xəbərlər
SON XƏBƏRLƏR