dini radikalizm və ekstremizmlə mübarizə

Dilçilik İnstitutunun direktor müavini: "Monitorinq Mərkəzinə cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir"

"Yeni yaradılacaq “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir".

"Report"un xəbərinə görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

O bildirib ki, Azərbaycanda dövlət səviyyəsində ana dilinə qayğı hər zaman hiss olunur: "Son dövrlərdə dil haqqında verilən sərəncam və fərmanlar bunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haq­qında” cərəncamı dövlət dilinin əcnəbi vətəndaşlara öyrədilməsi və təbliği işini da­ha da sürət­ləndirəcək. Bu qərara uyğun olaraq tezliklə “Əcnəbilər üçün Azərbaycan dilinin elektron plat­forması” layihəsi həyata keçiriləcək".

Direktor müavini qeyd edib ki, Prezidentin 1 noyabr 2018-ci ildə “Azərbaycan di­linin saflığının qo­runması və dövlət dilindən isti­fa­də­nin daha da tək­mil­ləş­diril­məsi ilə bağlı təd­bir­lər planı haq­qında” verdiyi fərman tarixi əhə­miy­yətli qərardır: "Yaşadığımız dövrdə müstəqilliyimizin simvollarından olan ana dilinə biganə münasibət yolverilməzdir. Təəssüf ki, istər mətbuatda, is­tərsə də reklam­ və afişaların dilində, filmlərin dublyajı zamanı ədəbi dil nor­maları po­zulur. Kü­çələrdə elanlar, reklamlar necə gəldi yazılır, iaşə obyektlərinin adları, restoran və kafelərdə men­­yular bir çox hal­da yalnız əcnəbi dillərdə tərtib olunur. Tele­vizi­yalar­da yüz illər boyu cilalanmış ədəbi dilimiz bəzən məişət dili səviy­yəsində tama­şaçıya çatdırılır. Müxtəlif saytların dilində bəzən ədəbi dil nor­maları gözlənilmir".

B.Məhərrəmlinin sözlərinə görə, tele­viziyalarda ləhcə ilə danışmaq meyilləri çoxalıb: "Aktyorlar gülüş ya­rat­­maq üçün dialekt faktlarından geniş istifadə edirlər. Halbuki bədii üslubda dialekt­izmlər o zaman is­tifadə olunur ki, obrazın dilində fərdilik çalarları gör­sənsin. Ədə­bi dil sanki unu­du­lub. Fik­rimizcə, artıq bu sahədə radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mər­kə­zinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti veril­­­məlidir. Ana dilini eti­nasızlıq millətin özünə etinasızlıq, biganəlik deməkdir. Bu gün respublikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarını əksəriyyətinin adın­­­­da palas sözü işlədilir. Nəyə görə “şadlıq sarayı” yox, məhz “palas” işlə­dil­mə­lidir? Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis di­lindən gələn “palas” sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə “Uşaq dükanı” yox “Baby shop”, “Gözəllik salonu” yox “Beauty saloon”, “Uşaq oyuncaqları” yox “Baby toys”, “Uşaq aləmi” yerinə “Kids world” ya­zıl­malıdır? Dil saf su kimi çirki götürmür, ana dilini yad dillərin mən­gə­nə­sində sıxmaq olmaz, ana dilinə etinasız münasibət yol­ve­rilməzdir. Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis ya da rus dilinə məxsus sözlərin iş­lə­dil­məsi heç də mü­asirlik deyil. Bü gün Bakı şəhərinin istənilən küçəsində Azərbaycan dilinin nor­ma­larının pozulmasını çox asanlıqla müşahidə etmək olar. Dövlət Rek­lam Agent­liyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqətli ya­naşmalıdır".

O bildirib ki, Azər­bay­can Res­pub­li­kası Prezi­den­­tinin fər­­­man və sərən­cam­larında, Azər­baycan Res­pub­likasının Konstitusi­yasında, Nazirlər Kabi­ne­ti­nin qərar və sərəncamla­rında ana dili ilə bağlı müvafiq müddəalar hər zaman öz əksini tapıb. Təhsil haq­qında qanunda da dövlət dilinin hüquqi statusu təsbit olunub: "Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 2002-ci il, 30 sentyabr tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu”n 19-cu mad­dəsində yazılır ki, bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mə­suliyyət daşıyırlar. Həmin qanunun 18.2. maddəsində qeyd edilir ki, Azər­baycan Respub­likasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, tele­viziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qu­rumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Bu qanunun 13.1. maddəsində qeyd olunur ki, Azərbaycan dilinin orfoqrafiya və or­­foepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təs­diq edilir. Hü­quqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin qanunun 7.1. mad­dəsində bildirilir ki, Azər­bay­can Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlə­nilir. Əcnəbilərə xidmət gös­tərilməsi ilə bağlı müvafiq xidmət sahələrində döv­lət dili ilə yanaşı, di­gər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə ya­naşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azər­bay­can dilindəki qarşılığının tutduğu sahədən bö­yük olmamalı və Azərbaycan dilin­dəki yazıdan sonra gəl­məlidir. Reklam­veri­cinin tələbinə əsasən rek­lam qur­ğularında yerləşdirilən reklamın mətnində Azər­baycan Respublikasının döv­­lət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olma­ma­lıdır. 2015-ci il 15 iyulda qəbul olunmuş “Reklam haqqında qanun”un 4.7. mad­dəsində də həmin müddəa öz əksini tapmışdır. Ancaq küçələrdə bu qa­nun­ların pozul­masını hər ad­dımda görürük. Bu isə ürəkaçan hal deyil. Bir çox reklam löv­hələrinin dili ancaq əcnəbi dillərdədir".

Mütəxəssisin sözlərinə görə, televiziyalarda veriliş adlarından tutmuş gözəllik salonlarının, dükanların, müxtəlif xidmət sahələrinin ad­larının ingilis dilində verilməsi müşahidə olunur: "XX əsrin əvvəllərində M.Cəlilin, F.Köçərilinin, Y.V.Çəmənzəminlinin, Ü.Ha­cı­bəy­­linin fəryadına səs vermək lazımdır. Bu ziyalıllar 100 il öncə öz yazılarında süni olaraq başqa dildə danışmağı və yazmağı tənqid edirdilər. Sahibkar hər hansı bir müəs­sisə açırsa, həmin müəssisəyə ingi­liscə ad qoy­mağa can atır. Dildə dəbə qaç­maq ol­maz, hər hansı bir müəssisənin, xidmət sahə­sinin, dükanın, şadlıq sarayının adının ingiliscə yazılması onun bren­də çevrilməsi deyil. Ana dilində gözəl danış­maq yalnız siyasi xadimlərin, şair və yazıçıların və ya ədəbiyyat müəllimlərinin işi deyil. Ana dilində öz fikrini rəvan ifadə etməyi hər bir ziyalı, hər bir vətəndaş bacarmalıdır. Bu, ziyalı­la­rımızın mə­nəvi borcudur. Azərbaycan ədəbi dilinin yüz illər ərzində cilalanması, yüksək in­ki­şaf xətti keçmə­si buna imkan verir. Vaxtilə böyük alman dilçisi V.Humbolt deyirdi ki, dil xalqın ruhudur. Dil nəinki xalqın ruhudur, dil xalqın genetik qan yaddaşıdır. 2013-cü ildə dil haqqında qəbul olunmuş dövlət proq­ra­mı­nın əsas müd­dəalarından biri ali təhsil müəs­sisə­lərin­də nitq mə­də­niyyəti dərslərinin aparıl­masıdır. Hal-hazırda ali təhsil müəssisələrində ixtisasdan asılı olmayaraq nitq mədəniyyəti dərsləri keçirilir. Ancaq bunlar hələ işin baş­lan­ğı­cıdır. Gözəl nitq vər­diş­lərinə yiyələnmək üçün dərin bədii mütaliə olmalıdır, zəngin söz ehtiyatına yiyələnmək lazımdır. Son dövrlərdə Bakı şəhərində yeni-yeni kitab­xanaların, kitab dükanlarının açılmasını alqışlamaq lazımdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci ildə “Azərbaycan di­linin saflığının qo­runması və dövlət di­lindən isti­fa­də­nin daha da təkmilləşdiril­məsi ilə bağlı təd­bir­lər planı haqqında” verdiyi fərman əsasında Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan Respublikasında “Dövlət dili haq­qında Azərbaycan Respubli­kasının qanunu”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və digər qanunvericilik aktlarının ana dili ilə bağlı müd­də­ala­rına uyğun olaraq dövlət dilinin müxtəlif xidmət sahələrində tətbiqinə kompleks nəzarətin həyata keçi­rilməsini təmin edəcək. Ümid edirik ki, Monitorinq Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil və Əd­liy­yə Nazirlikləri, Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agent­­liyi, Mətbuat Şurası, Radio və Televiziya Şurası, Bilik Fondu, Tərcümə Mərkəzi və digər müvafiq ali icra orqanları ilə sıx əməkdaşlıq şəraitində qura­caq­".

Oxunub: 994
Oxşar xəbərlər
SON XƏBƏRLƏR