ABŞ-ın Kaliforniya Universitetinin alimləri Yer planeti üçün heç də ürəkaçan olmayan proqnozlar verib.
Tədqiqat qrupu belə bir nəticəyə gəlib ki, XXI əsrin ortalarında Günəşin aktivliyi ən aşağı səviyyəyə düşəcək, nəticədə Yer planetinə daha az günəş şüası və istiliyi daxil olacaq.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqat qrupunun rəsmi press-relizi Phys.org saytında dərc olunub.
“International Ultraviolet Explorer” kosmik teleskopu ilə son 20 ildə aparılan müşahidələr əsasında toplanan məlumatları təhlil edən alimlər belə nəticəyə gəlib ki, günəşdə ləkələrin əmələ gəlmə tezliyinə əsasən ulduzun aktivlik səviyyəsini müəyyən etmək olur.
Tədqiqatçılar hesab edir ki, yaxın gələcəkdə günəş aktivliyinin misli görülməmiş “minimuma” düşməsi ehtimalı olduqca yüksəkdir.
Planetimizdə baş verə biləcək qlobal soyumanı istixana qazları hesabına temperaturu qaldırmaqla kompensasiya etmək mümkün olmayacaq.