2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi. Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.
Dünya ölkələrində dizel yanacağının orta qiyməti 1 litr üçün 1.02 ABŞ dolları təşkil edir. Ümumilikdə qiymət, ölkələrə görə dəyişir. Bir qayda olaraq, zəngin ölkələrdə bu yanacaq növü baha, nisbətən kasıb ölkələrdə ucuz təklif edilir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, dizel yanacağının qiyməti aşağı olan yeganə ölkə ABŞ-dır. Müxtəlif ölkələrdə dizel yanacağının qiymətindəki fərq, vergilər və subsidiyalarla bağlıdır. Hazırda Azərbaycanda dizel yanacağının 1 litri 0.60 qəpikdir. Dünya üzrə dizel yanacağının 1 litri üçün ən yüksək qiymət İslandiyadadır - 1.93 dollar. Qonşu İranda dizel yanacağının 1 litri 0.09 dollar, Səudiyyə Ərəbistanında 0.13 dollar, Türkmənistanda 0.26 dollar, Rusiyada 0.69 dollar, Türkiyədə 1.37 dollar, Almaniyada 1.38 dollar, Fransada 1.69 dollar, İtaliyada 1.72 dollar təşkil edir. Statistikadan da göründüyü kimi, ölkəmiz dizel yanacağının qiyməti aşağı olan ölkələr sırasındadır.
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycanda dizel yanacağının istehsalının kəskin azaldığını deyib:
“Benzinin qiymətinin bahalaşmasından sonra dizelin qiyməti arasında kifayət qədər böyük - 30 qəpiklik fərq yaranıb. Dünyanın bir çox ölkələrində dizelin qiyməti Azərbaycandakından bahadır. Buna səbəb dizelin ekologiyaya ciddi ziyan vurmasıdır. Xüsusilə Avropa ölkələrinin bir çoxunda bu cür siyasət həyata keçirilir. Hazırda Azərbaycanda dizelin istehsalı kəskin azalıb. “Aİ 92” markalı benzin daha baha olduğundan Neftayırma zavodu bütün gücü benzin istehsalına yönəldib. 2017-ci ildə dizelin istehsalı 2016-cı illə müqayisədə 20 faiz azalıb. Bu tendensiyanın qarşısının alınması, zavodda dizel istehsalının rentabelliyinin artırılması üçün Tarif Şurası növbəti həftələrdə, yaxud aylarda dizelin bahalaşması ilə bağlı qərar qəbul edə bilər. Dizel yanacağının 0.80 qəpiyə qədər bahalaşacağı istisna olunmur”.