“ABAD”-ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Yeni sərgi-satış mərkəzi Qəbələ rayonunun Duruca kəndi, “Tufandağ” dağ-xizək kurortunun ərazisində yerləşir.
Oxu.Az-ın məlumatına görə, mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri turistlərin böyük marağına səbəb olub.
Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb.
Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub.
Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.
Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır.