Sirr deyil ki, boş vaxtı necə keçirməyimiz bilavasitə gördüyümüz işin keyfiyyətində və ümumilikdə həyat tərzimizdə özünü büruzə verir. Ağır keçən iş günündən sonra insan istər-istəməz dostları ilə harasa getmək, xoş söhbətlərlə kefinin açılmasını, gündəlik problemlərdən müvəqqəti də olsa, qurtulmaq istəyir. Problem ondadır ki, bizim şəhərdə əyləncə, bir qayda olaraq, kafe və səs-küylü şou-proqramlarla insanı bezdirən restoranlarla məhdudlaşır.
Bir vaxtlar “Mafiya” oyunu kifayət qədər populyarlaşsa da, qısa müddət sonra gündəmdən düşdü. Bu, heç də təəccüb doğurmamalıdır, ona görə ki, primitiv qaydaları olan oyun əvvəl-axır onu tez-tez oynayanları və daha intellektual asudə vaxta ehtiyacı olan insanları bezdirməli idi.
Əhalinin məhz bu təbəqəsi üçün Fibonaççi oyunları adlı yeni layihə gerçəkləşdirilib. Unikal kontentə malik olan oyun təxminən bir il əvvəl uğurlu şəkildə fəaliyyətə başlayıb.
Sənan Mahmudov, Aleksandra Kosyanenko, Günay Sadıqova, Vasif Məmmədov, Tural İsmayılov və İsmayıl Əliyev kimi mütəxəssislərdən ibarət komanda tərəfindən yaradılmış layihə qısa zamanda istirahət və əyləncə dedikdə ağlına “əlində bir boşqab makaronla televizora baxmaq” və ya yerli estradanın növbəti ulduzunun ifası altında rəqs etmək” fikri gəlməyən insanlar arasında populyarlaşdı.
Fibonaççi oyunlarının hədəf auditoriyası – yaşı 30-dan yuxarı olan qadınlar və kişilər, o cümlədən bank və sığorta sektoru, yüngül və ağır sənaye, kommersiya sahəsində və dövlət qurumlarında çalışan əməkdaşlar, müəllimlər, həkimlər – bir sözlə, keyfiyyətli istirahət və əyləncəyə, xoş ünsiyyətə ehtiyac duyan və öz billikləri ilə seçilməyə çalışan hər kəsdir.
İntellektual oyun müxtəlif format və mövzulu yeddi turdan ibarətdir. Suallar geniş təmayüllüdür və ümumi inkişaf, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarına əsaslanır. Əlbəttə ki, əsas ideya, iş vaxtı başa çatdıqdan sonra asudə vaxtı maraqlı və xoş şəkildə keçirməkdir.
Bu müddət ərzində uğurlu şəkildə 20-dən çox müntəzəm və korporativ oyunlar, bir sıra “tim bildinqlər” və korporativ tədbirlər keçirilib.
Ümumilikdə, bu layihələrə 60-dan çox komanda cəlb olunub və ümumi heyət 500 nəfərə qədərdir. Müntəzəm keçirilən tədbirlərin auditoriyası isə 150 nəfərə yaxındır.
Ötən ilin oktyabrın 27-də şəhərin ən prestijli restoranlarından biri olan “Velutto”-da (səkkiz nəfərdən ibarət) 13 kommanda və onların qonaqları üçün Qala-gecə (final) keçirilib.
Tədbirin əsas özəllikləri sərt geyim qaydasının (dres-kodun) olması və tədbirin skripka kvartetinin akkompanementi ilə müşayiət olunmasıdır. Oyunlar 4,5 saata yaxın davam edib və əyləncə şousundan ibarət olub; yarış iştirakçıları ilə söhbətlər aparılıb, tədbirin sponsorlarından hədiyyələr paylanılıb.
Ümumilikdə, hər bir komanda üçün 13 sual paketi (bağlaması) oynanılıb, hər bir paketdə “sponsorlar” haqqında sual yer alıb.
Dəvət almış qonaqların arasında tədbirdə yerli media və dəbdəbəli jurnalların nümayəndələri, sosial şəbəkənin məşhur simaları, jurnalistlər, populyar bloqerlər iştirak edib.
Günay Sadıqova bunları bildirib:
“2017-ci ilin may ayında Sənan Mahmudov və İsmayıl Əliyev yeni layihəyə start vermək qərarına gəldilər. İntellektual oyunların populyarlığını və həvəskar səviyyədə kütləvi intellektual asudə vaxtın olmamasını nəzərə alaraq, müntəzəm olaraq “kviz” adlandırılan viktorinalar keçirməyi razılaşdırdılar.
İlk gündən qət olundu ki, oynanılan suallar arasında Azərbaycan, onun tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı haqqında suallar üstünlük təşkil edəcək, komandaların bərabər səviyyədə rəqabət aparması üçün oyun iki dildə - rus və azərbaycan dillərində keçiriləcək. İnanmaq çətin olsa da, ilk oyuna cəmi dörd komanda, yəni 12 nəfər qatılıb. Ancaq uşaqlar bununla təslim olmadı. Qonaqların oyundan tam razı getdiklərini görüb, düzgün yolda olduqlarını və bu istiqamətdə səyləri davam etdirməyin vacib olduğunu anladılar.
Son oyunda artıq 30 komanda iştirak edirdi. Biz istəsək, 50 komanda üçün də oyun keçirə bilərik, ancaq, təəssüflər olsun ki, bunun gerçəkləşdirilməsi üçün bütün tələblərlə cavab verən böyük zalımız yoxdur.
Fibonaççi - yarış iştirakçılarının həyat yoldaşları, dostları, həmkarları ilə qatıldığı bir intellektual asudə növüdür. Bizim klubda korporativ komandaların sayı kifayət qədər çoxdur, əməkdaşların oyunda iştirak xərclərinin qarşılığını məhz şirkətlər ödəyir. Belə ki, bu, bir tərəfdən işçilər üçün yaxşı motivasiya mənbəyi, digər tərəfdən isə piar və reklam üçün əlverişli meydançadır. Cüt şəkildə hər həftə toplaşan və oyun keçirən komandaların sayı az deyil. Bu, həm toplaşmaq, görüşmək, oturub söhbətləşmək, süfrə arxasına əyləşmək, həm də axşamı intellektual atmosferdə keçirmək, oynamaq, əylənmək, müxtəlif mükafat və hədiyyələr qazanmaq üçün bir stimuldur.
Bəzən şirkətlər bizə korporativ oyunlar keçirməyi təklif verir. Belə hallarda oyunlar müstəsna olaraq şirkət əməkdaşları və müştəriləri üçün təşkil edilir.
Biz yalnız bir oyunla kifayətlənmirik. Fibonaççi komandası – hazırda öz işini sevən peşəkarlardan ibarət bir komandadır. O komanda ki, çiyinlərdə çox sayda gerçəkləşmiş intellektual-əyləncə təmayüllü layihələr daşıyır.
Bu yaxınlarda həftənin cümə günləri keçirilən Chuck Norris oyunu işə salınıb. İnsanlar iş həftəsinin sonunda səmərəli əyləncə üçün bir yerə toplaşır. Bu il biz həm də Perfect Couple layihəsinə başlamağı planlaşdırırıq. Böyük açıq çempionat və digər tədbirlər keçiriləcək”. /Oxu.az/