dini radikalizm və ekstremizmlə mübarizə

“Şuşa Bəyannaməsi”nin tarixi əhəmiyyəti - Qars Müqaviləsinə istinad nə deməkdir? - AÇIQLAMA

Baxış Sayı:387

“Şuşa Bəyannaməsi”nin tarixi əhəmiyyəti - Qars Müqaviləsinə istinad nə deməkdir? - AÇIQLAMA

Məlum olduğu kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdədir. Türkiyə lideri tarixi Azərbaycan şəhərində ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanıb və görüş çərçivəsində artıq Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, burada tarixi Qars bəyannaməsinə istinad edilir.

Djb.az xəbər verir ki, Politoloq İlyas Hüseynov KONKRET.az-a özəl açıqlamasında bildirib ki, imzalanan Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür: “Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edən Milli Qurtuluş günündə Türkiyə prezidentinin Şuşaya səfəri bir sıra beynəlxalq müşahidəçilər tərəfindən də diqqətlə izlənilir. Şuşa Bəyannaməsində tarixi Qars Müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman qarşılıqlı məsləhətləşmələrlə BMT nizamnaməsinə uyğun şəkildə yardım göstərilə bilər. Şuşa Bəyannaməsinin əsas müddəası bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm Bəyannamədir”.

Politoloq əlavə edib ki, hər iki dövlətin müttəfiqlik münasibətləri artıq sənəddə öz əksini tapıb: “Bu münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri vardı. Azərbaycan hər zaman Türkiyənin yanında olub. Qardaş ölkə də, bütün tarixi dövrlərdə Azərbaycanın yanında olduğunu nümayiş etdirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Bir millət, iki dövlət” ideoloji-fəlsəfi konsepsiyasının hüquqi müstəvidə, dövlətlərarası sənədlərdə təzahürünü görürük. Bu Bəyannamə tarixi əhəmiyyəti ilə yanaşı, hər iki dövləti daha da yaxınlaşdıracaq. Bundan sonra da siyasi, iqtisadi və humanitar sahədə əlaqələr daha da genişləndiriləcək. Eyni zamanda enerji və nəqliyyat sahəsində yeni avantajların yarandığını nəzərə alsaq, artıq ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin formalaşıb. Bu tarixi gündə Müttəfiqlik Münasibətləri haqda Şuşa Bəyannaməsinin imzalanması uzun müddət xatırlanacaq və bu şanlı tarix illər keçdikcə yad ediləcəkdir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR