dini radikalizm və ekstremizmlə mübarizə

Kreml “Putinin dostunu” belə yola saldı - Rusiyadan baxış

Kreml “Putinin dostunu” belə yola saldı - Rusiyadan baxış

Ermənistan əhalisinin 5 faizindən azını təşkil edən Qarabağın erməni əsilli sakinləri və iqtisadi cəhətdən biznesləri bu regiona bağlı olanlar müharibədəki məğlubiyyəti şəxsi faciə kimi qəbul edir.

Bunu Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, professor Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, məhz bu insanlar ölkə məğlubiyyətinin və onunla bağlı olan şəxsi faciələrinin əsas günahkarlarını hökumət üzvlərində görərək, hökumətə və şəxsən Baş nazir Paşinyana qarşı etiraz aksiyaları keçirirlər.

“Amma Ermənistanda hazırkı hakimiyyətdən narazı olanların sayı o qədər də çox deyil: etiraz aksiyalarında orta hesabla, beş-yeddi min nəfər iştirak edir ki, bu da 2018-ci ilin aprel-may aylarında Paşinyanın keçirdiyi 200 minlik aksiyalarla müqayisə edilə bilməz.

Faktiki olaraq deyə bilərik ki, erməni ictimaiyyəti öz ölkəsinin hərbi məğlubiyyəti faktlarına inert qalıb, bu isə Ermənistanda hansısa ictimai-siyasi böhranın olduğunu deməyə əsas vermir. Xalq "yuxarılar"dan narazılığını bildirməkdə fəallıq göstərmir, müxalifətin aksiyalarını kütləvi şəkildə dəstəkləmir, buna görə də bu ölkədə hansısa inqilabi vəziyyətin mövcudluğundan danışmaq üçün əsas yoxdur”, - o bildirib.

Kuznetsov qeyd edib ki, Qarabağda öz bazasından məhrum olan Ermənistanın Qarabağ klanı avtomatik olaraq real siyasi və maliyyə gücünü itirib:

“Eks-prezident Robert Köçəryanın boş bəyanatları ilə sonlanan Moskvaya səfərinin ətrafında yaranmış vəziyyət bunu əyani şəkildə göstərdi.

O, Ermənistanın böyük siyasətinə qayıtmaq niyyətini erməni dilində deyil, rus dilində açıqlayıb, nitqinin aksent və intonasiyalarını düzgün şəkildə müəyyənləşdirib. Bəyanatını da Marqarita Simonyana tabe olan rusdilli “Sрutnik Ermənistan” nəşrində edib. Yəni o, faktiki olaraq bu nitqi erməni cəmiyyətinə və ya erməni siyasi dairələrinə deyil, məhz Rusiyanın ali siyasi rəhbərliyinə ünvanlamışdı. Əslində, Kreml “Putinin dostu”na məhəl qoymadı. Əgər Köçəryan öz niyyətini həqiqətən də erməni xalqına bəyan etmək istəsəydi, bunu erməni dilində və hansısa məşhur ermənidilli nəşrində edərdi. Amma bu, baş vermədi”, - Kuznetsov qeyd edib.

Oxunub: 401
Oxşar xəbərlər
SON XƏBƏRLƏR