dini radikalizm və ekstremizmlə mübarizə

Ziyafət Əsgərov: “Fransanın da tarixi Ermənistan kimi soyqırımları ilə zəngindir”

Ziyafət Əsgərov: “Fransanın da tarixi Ermənistan kimi soyqırımları ilə zəngindir”

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa tərəfsizliyini qoruya bilmir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupunun həmsədri kimi bu ölkənin vasitəçilik missiyasına uyğun gəlmir, birtərəfli və qərəzlidir: “ Fransa işğalçı Ermənistanı dəstəkləyir və obyektiv deyil. Emmanuel Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin olunmasına xidmət etmir. Fransa işğalçının yanındadır, vasitəçilik missiyasını yerinə yetirmir. Fransanın Minsk Qrupunun həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Eyni zamanda Fransa dövlət başçısının “Ermənistana və ermənilərə deyirəm, Fransa öz rolunu oynayacaq” deyərək bəyanat verməsi qəbul edilə bilməz. Bu, işğalçı Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Vasitəçi tərəf ədalətli olmalıdır. Makronun timsalında biz bunu görmədik, ədalətli vasitəçilik reputasiyasını itirdi”.

Komitə sədri qeyd edib ki, Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır: “Bu, müqəddəs bir müharibədir, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. İşimiz haqqı işidir, bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi”.

Z. Əsgərov nəzərə çatdırıb ki, Fransa soyqırımı törətmiş bir ölkədir: “Fransanın yaxın tarixinə diqqət yetirdikdə, onun soyqırımları ilə dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə, 1830-1962-ci illərdə müstəqillik uğrunda mübarizə aparıb və nəticədə Fransa tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirilib. Fransa Vyetnamda da böyük soyqırımı həyata keçirib. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzair və Vyetnamla məhdudlaşmır. Fransa 3 qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalinin ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişmiş və onlara ən adi insani yaşamaq haqqı verməyib. Yeri gəlmişkən, 19-cu əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olub. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğulub, 100 minlərlə insan öldürülüb. Çat torpaqlarının Fransa tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımları silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonuna qədər fransızlar Çadda soyqırımlarına davam edib. Fransa Qabonda da soyqırımı həyata keçirib, islam dinini qadağan edib, din xadimlərini öldürüb, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum edib. Fransa 1881-ci ildə Tunisi işğal edib. Fransızlar müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirib. Fransanın müharibə mirası bu gün Kamerunun ingilis və fransız dilli bölgələri arasında savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Belə bir tarixi olan dövlət Dağlıq Qarabağ probleminin həllində vasitəçi ola bilərmi? İndi bizə məlum olur ki, Fransa nə üçün Xocalı soyqırımının baş verməsində bilavasitə o zaman Ermənistanı qınamadı. Çünki Fransanın da tarixi Ermənistan kimi soyqırımları ilə zəngindir. Bir daha tələb edirik ki, Fransa həmsədrlikdən uzaqlaşdırılsın. Çünki Fransa bu məsələdə obyektiv deyil və obyektiv ola bilməz”.

Komitə sədri onu da vurğulayıb ki, E. Makrona ermənilərin öz müqəddəratını təyin etməsi o qədər əzizdirsə, nəzərə almalıdır ki, ermənilər öz müqəddəratlarını bir dəfə təyin edib və öz dövlətləri var: “İkincisi, Marsel şəhərinin yarısı ermənilərdir. Buyursun, ürəyi istəyirsə, Dağlıq Qarabağdakı erməniləri Marselə köçürsün, orada öz müqəddəratlarını təyin etmək imkanı yaratsın. Üçüncüsü, Makrona ermənilərin öz müqəddəratını təyin etməsi bu qədər lazımdırsa, bəs Korsika xalqına niyə öz müqəddəratını təyin etmək hüququ vermir? Demokratiya nümunəsi göstərsin, Korsika xalqına belə hüquq versin, nümunə göstərsin. Halbuki Korsika xalqının dövləti yoxdur, ermənilərin dövləti var”.

Oxunub: 332
Oxşar xəbərlər
SON XƏBƏRLƏR