dini radikalizm və ekstremizmlə mübarizə

Mirmahmud Mirəlioğlu: Son olaylar məmurların toxunulmazlıq mifini bir daha darmadağın etdi


KXCP sədri: Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Müsahibimiz Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur

-Mirmahmud müəllim, son bir neçə aydır ki, ölkəmizdə korrupasiya və rüşvətxorluğa qarşı mübarizə məqsədi ilə aparılan islahatların şahidi oluruq. Sizin də bu son baş verənlərə münasibətinizi bilmək istərdik...

- Nəhayət, məmur özbaşınalığına son qoyuldu. Ölkəmiz bu can alan pandemiya ilə mübarizə apardığı bir vaxtda vəzifəsindən sui-istifadə edən məmurların aşkarlanması istiqamətində aparılan islahatlar uğurla davam edir. Sevindirici haldır ki, dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq təəssüf ki, ölkəmizdə aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları da var. Prezident dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edib. Onlardan vətəndaşlara münasibətdə səmimi olmaları, özlərini təkəbbürlü aparmamaları, eləcə də rüşvət və korrupsiya hallarına yol verməmələri qətiyyətlə tələb olunub. Lakin təəssüf ki, bəzi məmurlar hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmırlar.

- Bəzi məmurlar əvvəlki tərzdə hərəkət etmək istəyirlər və rüşvətxorluğa, korrupsiyaya yol verirlər. Sizin fikrinizcə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son uğurlu əməliyyatları digər icra başçılarına və ümumilikdə məmurlara dərs olacaqmı?

-Hesab edirəm ki, olmalıdır. Buna məcburdular. Hər hansı rəhbər şəxs cox ciddi şəkildə düşünüb-daşınmalıdır. Əgər hansısa məmur əmək haqqı ilə dolana bilmirsə, cənab Prezidentin də dediyi kimi, ərizəsini yazsın gedib biznes fəaliyyəti ilə məğul olsun.Bütün bunlar onu göstərir ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Yenə köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər.

- Bildiyimiz kimi, son olaraq DTX Mədəniyyət Nazirliyində də qanun pozuntularına yol verən məmurları ifşa edib. Sizcə, aparılan əməliyyatların davamı gözlənilirmi?

-8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olub . Belə ki, həmin nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə ediblər. Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı həmin şəxslər təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır.

-Sizcə, Ermənistanın hələ də davam edən təcavüzü nəticəsində onsuz da çoxsaylı vandalizm hərəkətlərinə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların dövlətə və xalqa xəyanət yolunu seçmələrinə nə ad vermək olar?!

-Mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçmələri həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir. Biz dəfələrlə bu barədə Mədəniyyət Nazirliyinə müraciət də etmişik. Hələ 2011-ci ildə biz dəfələrlə bildirmişdik ki, sözügedən nazirliyin blanklarında Mədəniyyət Nazirliyi sözünün kiçik hərflə yazılması düzgün deyil. Lakin səylərimizə baxmayaraq, qarşı tərəfdən cavab ala bilmədik. Onu da qeyd edim ki, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərciklərin açlışında nazirlik tərəfindən tarix muzeyinin qiymətli eksponatları ora gətirilərək tez-tez yeri dəyişdirilirdi. Bu da tədricən onların sıradan çxmasına və ya zədələnməsinə gətirib çıxarırdı. Bunun özü elə kifayət qədər böyük bir qanun pozuntusudur.

- Rüşvət və korrupsiyaya qarşı mübarizədə güc strukturlarının fəaliyyətini yetərli hesab edirsinizmi?

-Rüşvət və korrupsiya ta əzəldən həm dövlətin, həm də millətin qara bəlasıdır. Hesab edirəm ki, bunun özü elə böyük bir virusdur və yayılır. Qarşısını almaq isə çox çətindir. Təbii ki, dövlətin uğurlu islahatları və uzaqgörən səyləri nəticəsində bu bəlanın da qarşısı kifayət qədər alınır və alınacaq. Bu sahədə dövlətin cəza tədbirləri ilə yanaşı, ictimaiyyətin, qeyri-hökumət qurumlarının, tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin maarifləndirici addımlarına, sözlərinə, müraciətlərinə də ciddi ehtiyac var. Bütün vətəndaş cəmiyyəti, bütün xalqımız bu məsələdə dövlətə dəstək olmalı, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət nə qədər güclü olacaqsa, bu kimi hallara qarşı mübarizə də bir o qədər çox effektli olacaq. Aparılan islahatların əsas xətlərindən birini rüşvətxorluq və korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir.

- Korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan uğurlu islahatlar sizcə, hansı nəticələrə gətirib çıxaracaq?

-Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti, vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktlarının da qarşısını alacaq. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olacaq. Artıq kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər, qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu bu vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq şəkildə bildirmişdir. Azərbaycan dövləti vətəndaşlarının həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə maddi vəziyyəti aşağı olan insanlara əl tuturlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm də böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşlar üçün nəzərdə tutulmuş ərzaq paylarını, maaşlarını mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son olaylar məmurların toxunulmazlıq mifini bir daha darmadağın etdi. İctimaiyyət anladı ki, vəzifəsindən və səhiyyətlərindən asılı olmayaraq hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır.

Ikisahil.az

Oxunub: 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR