dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistana sülhün vacibliyini başa salmağın tək yolu - TƏHLİL

Ermənistana sülhün vacibliyini başa salmağın tək yolu - TƏHLİL
Djb.az xəbər verir ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağ məsələsində “nala-mıxa vurma”, daha dəqiqi, “dəvəquşu” siyasəti davam edir. Gah davakar bəyanatlar verib Azərbaycanı yeni ərazi işğalı ilə hədələyən, gah da bunun ardınca sülhdən dəm vurub “konfliktin həlli hər üç tərəfi razı salmalıdır” kimi təxribatçı və ikibaşlı açıqlamalar verən düşmən ölkə rəhbərliyinin hədəfi əslində bəllidir: işğal rejimini bacardıqca uzadıb vaxt qazanmaq.


Ermənistanın baş naziri Nikol Paşinyanın, onun müdafiə naziri David Tonoyanın son bəyanatları bir daha sübut edir ki, təcavüzkar ölkənin yeni hakimiyyətinin də Qarabağ məsələsində konstruktiv mövqe tutmaq istəyi yoxdur. Paşinyanın xüsusən də sülh prosesindəki durumdan xəbərsiz olduğunu, “Madrid prinsipləri”nin mahiyyətini anlamadığını söyləməsi heç bir məntiqə sığmır.


Bəs ərazisinin 20%-i on illərdir erməni işğalı altında olan Azərbaycan belə vəziyyətdə nə etməlidir, Nikol Paşinyan hökumətinə də vaxt verməlidir, yoxsa onu ayrı cür “başa salmalıdır”?


Politoloq rəylərini təqdim edirik.


“Paşinyan ”Madrid prinsipləri"ni başa düşmədiyini desə də, əslində elə deyil. Nikol, sadəcə olaraq, “Madrid prinsipləri”ni anlamaqdan boyun qaçırır". “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aprel döyüşlərindən sonra vəziyyətin nə yerdə oduğunu anlayaraq hakimiyyətdən getməli olub: “İndi, görünür, ”Madrid prinsipləri"ni anlamaqdan boyun qaçıran Paşinyanı da bu cür başa salmağın vaxtı çatıb. İkinci aprel həmləsi olsa, o, Madrid prinsiplərini və onun nədən ibarət olduğunu dərhal başa düşəcək. Məhz bu gerçəkliyi bildiyi üçün Tonoyan qısa müddət sonra formatı dəyişmək həvəsindən dönərək sülh istədiyini bildirdi və Azərbaycan hərbi-siyasi elitasının da sülhə hazırlığını arzuladı. Ancaq sülhün olması daha çox işğalçı Ermənistandan asılıdır. Erməni qoşunları torpaqlarımızdan çıxmalıdırlar ki, sülh olsun. Əks təqdirdə, onlar Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarovla deyil, müdafiə naziri Zakir Həsənovla anlaşmalı olacaqlar ki, bu da ermənilər üçün heç arzuolunan deyil. Düşünürəm ki, baş diplomatımız bu sözü çox yerində deyib. Hesab edirəm ki, yalnız əməli addımlardan sonra işğalçı Ermənistanın və onun hərbi-siyasi elitasının davranışlarını dəyişdiyini görə bilərik".


“Ermənistanın müdafiə naziri David Tonoyan iki ayın içində iki dəfə ”biz daha çox torpaq işğal edə bilərik" deyəndə bu açıqlamanın arxasında baş nazir Nikol Paşinyanın dayandığını demişdim. Əgər bu gün Tonoyan mövqeyini 180 dərəcə dəyişib “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Paşinyanın istəyi dayanır".


Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, David Tonoyan son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb: “Bəs necə oldu ki, həm Paşinyanın, həm də Tonoyanın ritorikası qəfil dəyişdi? Axı Paşinyan özü deyirdi ki, Tonoyan ”müharibə" əvəzinə “sülh” desə, onu işdən qovaram".


Politoloq əmindir ki, Nikol Paşinyan və nazirlərinin tez-tez öz mövqelərini dəyişməsi Ermənistanın hazırkı hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: “Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada ən doğru açıqlama Paşinyanın xanımından gəlib: ”Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb". İllərdir biz də bunu deyirik. Böyük ehtimalla, xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmalarını davam etdirsinlər. Bizə ziyan deyil".


Elxan Şahinoğluna görə, baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz: “Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik”, - deyə o əlavə edib.


*****


Politoloq Fikrət Sadıqov isə hesab edir ki, müharibə riski həm Vyana görüşündən əvvəl, həm də ondan sonra kifayət qədər yüksəkdir (Teleqraf.com): “Reallıq odur ki, Paşinyan məcburiyyət qarşısında qalaraq Vyanaya getdi və təzyiq altında masa arxasında əyləşdi”.


Ermənistan müdafiə nazirinin gah müharibə, gah da sülh bəyanatı verməsinə toxunan politoloq deyib: “Onlar bir tərəfdən yeni torpaqlarımızı işğal etmək istəyir, digər tərəfdən, bizim qoşunlarımızın sülhə hazırlanmasını məsləhət görürlər. Bunlar qeyri-peşəkar, siyasətdən uzaq, beynəlxalq hüquq normalarına zidd fikirlərdir. Bizim hərbi potensialımız gündən-günə yüksəlir, hazırlıq görürük. Bir şeyə də diqqət yetirək, Ermənistanda hələ hakimiyyət tam formalaşmayıb. Bir tərəfdən keçmiş Qarabağ klanının nümayəndələri Paşinyana qarşı çıxış edir, digər tərəfdən Moskva, Vaşinqton və Brüssel arasında çabalayırlar, hətta parlamentin özündən də Azərbaycanla danışıqların məzmununun açıqlanması tələb edilir, Ermənistanı təslim olmaqda günahlandırırlar”.


Ekspertin qənaətincə, bunların hamısı ona işarədir ki, Paşinyan və onun ətrafı hələ tam ölkəyə nəzarət edə bilmir: “Onlar başa düşürlər ki, digər ölkənin torpaqlarını işğal ediblər. Daxildə olan təhlükələri yatırtmaq, bir sıra dairələri - həm tərəfdarlarını, həm ictimaiyyəti, həm də onlara qarşı çıxış edən müxalif qüvvələri sakitləşdirmək üçün belə bəyanatlar verirlər”.


Son vaxtlar yenidən aktuallaşan bir mövzuya - Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi məsələsinə gəlincə, politoloq deyib: “Əslində vaxtilə buna qarşı çıxış edən Rusiya idi. Rəsmi Moskva Türkiyənin Azərbaycanda hərbi bazalarının açılmasından narahat idi. Amma hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər xeyli yaxşılaşıb və yaxınlaşma müşahidə olunur. Hətta Türkiyə Rusiyadan ən müasir silahlar alır. Bu, ABŞ-ı qıcıqlandıran amilə çevrilib. Düşünürəm ki, bu da bizim siyasi prioritetlərimizin bir amilidir. Türkiyənin Azərbaycanda hərbi bazasının açılmasını istisna etmirəm”.


Siyasi şərhlərdən də göründüyü kimi, Ermənistanda yeni hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ məsələsində düşmən ölkənin konstruktivliyini zərrəcə artırmayıb. Demək, düşmənlə ayrı cür danışmağın, ona sülhün vacibliyini başqa yolla anlatmağın zəruriliyi heç vaxt olmadığı qədər aktuallaşıb. İşğalçı üzərində əzici hərbi üstünlüyə malik Azərbaycan istənilən an bu qərarı verə bilər.


*****


Yazı hazırlanarkən məlum oldu ki, Ermənistanın müdafiə naziri David Tonoyan yenə sərsəmləyib. O, Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi barədə növbəti hədələyici bəyanatla çıxış edib (Virtualaz.org). Belə ki, “Mediamaks” agentliyinə müsahibəsində o, “rəqibin arxa cəbhəsinə keçib xaos yaratmağa” hazırlaşan hücum bölmələri barədə danışıb. “Təxribat halında biz düşmənlə onun ərazilərində üzləşəcəyik. Söhbət standart addımlardan getmir, zərurət yarandıqda bizim hücum qruplarımız düşmənin arxa cəbhəsində xaos yarada bilər”, deyə Tonoyan lovğalanıb.


Onun dediyinə görə, Ermənistanda adamlar hərdən Azərbaycanın informasiya məkanının təsiri altına düşürlər. “Azərbaycana elə gəlir ki, qələbələr və ərazilər haqda söhbətlərdə inhisarçılığa malikdir. Belə monopoliyalar onlarda artıq yoxdur və olmayacaq” - o bildirib.


Tonoyanın bu bəyanatına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavab verib. “Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir” - o bildirib. “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi İrəvanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və David Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - deyə polkovnik Dərgahlı qeyd edib.


Ermənistan müdafiə nazirinin son bəyanatı bir daha təsdiq edir ki, Paşinyan hökuməti Qarabağ məsələsində yeni kurs götürüb: mümkün qədər tez-tez populist və hədələyici bəyanatlar səsləndirmək, nəticədə Azərbaycanı cavab bəyanatlarına vadar etmək. Belə görünür ki, erməni nazirin bu cür bəyanatlarına artıq sözlə cavab vermək effektli olmayacaq, düşmən tutarlı hərbi cavab üçün darıxmağa başlayıb... \\musavat.com\\

Oxunub: 583
Oxşar xəbərlər
SON XƏBƏRLƏR