dini radikalizm və ekstremizmlə mübarizə

1918-ci il Mart soyqrımın qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

1918-ci il Mart soyqrımın qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

Erməni generalın başını kəsən İsrafil bəy kim olub?

Borçalı türk dünyasına çox igid oğullar verib.İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin bəy Acalov (Borçalı) və s. Belə seçilənlərdən biri də Bolus-Kəpənəkçi elindən İsrafil bəy Musa ağa oğlu Acalovdur (Hacaloğlu). İsrafil bəy 1857-ci ildə Borçalı bəylərindən Musa ağa Ağakişi bəy oğlunun ailəsində anadan olmuşdur. Xatırladaq ki, İsrafil ağanın babası Ağakişi bəy Borçalının tanınmış şəxsiyyətlərindən olmuş və 1818-ci ildə general Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli 2 qızıl medalla təltif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. Ağakişi bəyin dörd oğlundan Musa ağa Borçalıda Musa ağa daha çox “Qaragöz” adı ilə məşhur olub ad-san qazanmışdır. O, çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan “Qaragöz” Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq “Ağalıq” adı ilə rəsmiləşmişdir. Əslində “Ağalıq” Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da “Ağalıq” deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Marneuliyə qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Yerli məmurlar tərəfindən bir çox haqsızlığa düçar olan Musa ağa ortancıl oğlu İsrafili oxutdurmaq qərarına gəlir. İsrafil bəy dini təhsil aldıqdan sonra Kalinoda rus məktəbini, daha sonra Tiflisdə gimnaziyanı bitirdikdən sonra İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Universiteti qurtardıqdan sonra yüksək səviyyəli mədəniyyəti və dərin hüquqşünas təhsili ilə seçilən İsrafil bəy qısa müddət Peterburqda çalışdıqdan sonra təyinatla Tiflis şəhər məhkəməsinə vəkil işləməyə göndərilir. Beləliklə, İsrafil ağa Peterburqda hüquq təhsili almış və sonra vəkil işləyən ilk Borçalı Azərbaycanlısı kimi yaddaşlarda həkk olunur. Bir müddət vəkil işləyən İsrafil bəy bacarığı sayəsində Tiflisdə bir məhkəmənin rəhbəri vəzifəsinə təyin edilir. Borçalıların dərd-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla: Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze, Nəriman Nərimanov, Fətəli xan Xoyski və digər ədiblər ilə yaxından dostluq münasibətləri saxlamışdır. Yerli müsəlman əhalinin savadsız olması İsrafil bəyi çox narahat edir və düşündürürdü. İsrafil bəy dəfələrlə yerli müsəlman türklərin kitablarının işıq üzü görməsində yardımcı olmuş, Tiflisdə çıxan müsəlman Türk qəzetlərinə daima maliyyə dəstəyi etmişdir. Belə ki, ilk dəfə 1917-ci ildə İsrafil ağanın dəstəyi sayəsində Ə. Haqverdiyevin sədrliyilə Tiflisdə Borçalı Müsəlman Türklərinin I qurultayı baş tutmuşdur. 1905-1906-cı illər arası Tiflisdə və Borçalının digər məkanlarında (Şüləver, Sarvan və s.) baş vermiş erməni-müsəlman türk toqquşmalarında İsrafil bəy öz şəxsi hesabına Osmanlıdan (keçmiş Borçalı qaçağı olmuş indisə Osmanlı Paşası olan Darvazlı Mehralı bəydən) və Çar Rusiyasından çoxlu silah-sursat gətizdirərək azğınlaşmış ermənilərə böyük divanlar tutur. Bundan sonra İsrafil bəy doğma kəndi Ağalıqda silah anbarı tikdirərək oranı daima dolu saxlayır, ehtiyatı əldən vermirdi. Həmin dövrlər Azərbaycanda türklər hərbi xidmətə çağrılmasalar da Borçalıda İsrafil ağanın uzaqgörən siyasəti nəticəsində gənc Borçalılar Çar Hökümətinin ordu sıralarında qulluq edirdilər. Çar höküməti yanında böyük nüfuza malik olan İsrafil bəy xüsusi bəylərbəyi statusu alaraq Zaqafqaziya seyminin (məslisinin) ilk Borçalılı müsəlman türk üzvü seçilməklə yanaşı, özəl kareta və cangüdənlərlə təçhiz olunur. Başına daima qarapapaq qoyub belində gümüşü qılınc gəzdirən İsrafil bəy bu cangüdənlərdən imtina edir. Yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökümətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəlməsinə rəğmən o, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmamış.

Oxunub: 779
Oxşar xəbərlər
SON XƏBƏRLƏR