Növbədənkənar prezident seçkisinin elan edilməsi ölkə Konstitusiyasına tam uyğun bir məsələdir.
Bu sözləri Prezident İlham Əliyevin növbədənkənar prezident seçkisinin keçirilməsinə dair imzaladığı sərəncamı Teleqraf.com-a şərh edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, seçkinin yazda, yaxud payızda keçirilməsi arasında böyük, kəskin fərq yoxdur:
“Digər tərəfdən yaddan çıxarmayaq ki, 2018-ci il Azərbaycan üçün şanlı yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Bu, təkcə respublikamızın yaranmasının bir əsrlik tarixi deyil, eyni zamanda parlamentimizin yaranmasının, ordumuzun, dövlət bayrağımızın qəbul edilməsinin yüz illiyidir. Azərbaycan cəmiyyəti bütün il bu tədbirlərin yüksək səviyyədə keçirilməsi, Azərbaycan dövlətçiliyinin tarixə, müasir dövrə bağlılığını göstərəcək tədbirlərlə məşğul olacaq. Bu baxımdan seçkinin öncədən keçirilməsi cəmiyyətin diqqətinin bu tip tədbirlərə yönəlməsinə şərait yaradacaq. Əks halda cəmiyyət həm prezident seçkisinə hazırlığa, eyni zamanda yüz illiklə bağlı tədbirlərin keçirilməsinə diqqət ayırmalı idi”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.