dini radikalizm və ekstremizmlə mübarizə

Ekspert: Qərb heç vaxt Qarabağın qaytarılmasına razı olmayacaq - MÜSAHİBƏ

Ekspert: Qərb heç vaxt Qarabağın qaytarılmasına razı olmayacaq - MÜSAHİBƏ
Geridə qoyduğumuz ili, Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi baxımından ən aktiv illərdən hesab etmək olar. 2017-ci il həm də onunla yadda qaldı ki, cəmiyyət ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə Rusiya və ABŞ-ın münaqişənin həlli yolları ilə bağlı açıq-aşkar fikir ayrılıqlarının şahidi oldu.

Bütün bu məsələlər, o cümlədən Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı gözləntilər barədə Oxu.Az-a Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri üzrə eksperti Qriqori Trofimçuk açıqlama verib.

- 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində yüksək fəallıq qeydə alındı. 2018-ci illə bağlı gözləntiləriniz barədə fikrinizi öyrənmək maraqlı olardı...

- Danışıqlar prosesinin fəallığı kifayət qədər yüksək olub. Baxmayaraq ki, 2016-cı ilin aprelindən sonra fərqli, dağınıq xarakter almışdı. Misal üçün, həmin ilin, 2016-cı ilin sonlarına yaxın aktivlik xeyli aşağı idi. Danışıqların açıq müharibənin qarşısını aldığı faktına baxmayaraq və bir çox proses iştirakçılarına görə bu, az göstərici olmasa belə, fəallıq - sırf texniki parametrdir, praktiki nəticə sıfıra bərabərdir.

Sıfır ona görə ki, il yarımdan çoxdur ki, Azərbaycanın bir qarış da torpağı geri qaytarılmayıb. Yəni, rəsmi Bakı danışıqlar prosesində qarşıya qoyduğu məqsədə çata bilməyib. Belə ki, Rusiya və Ermənistandan fərqli olaraq, müharibəyə yol verilməməsi Bakının məqsədi olmayıb.

- 2018-ci illə bağlı ekspertlərin rəyləri fərqlidir. Bəziləri hesab edir ki, Rusiyada, Azərbaycan və Ermənistanda prezident seçkiləri fonunda vəziyyət sabit olacaq, digərləri isə gərginliyin artacağını düşünür. Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafını necə görürüsünüz?

- 2013-2014-cü illərdə Ukrayna hadisələri ilə əlaqədar regional və geo-siyasi düzümün pozulmasından sonra Qarabağ mövzusu aidiyyəti üzrə səngiyə bilməz. Xatırladaq ki, Ermənistan-Azərbaycan təmas xəttində son illər ərzində ilk dəfə olaraq vəziyyətin ciddi şəkildə pisləşməsi 2014-cü ilin avqustunda baş verdi. Azərbaycan faktiki olaraq qarşıya belə bir sual qoymuşdu: Rusiya Krımı qaytarmağa qadirdirsə, Azərbaycan Qarabağı geri almağı niyə bacarmasın?

Bundan sonra bütün işlər tərs getdi. Bundan savayı, Yaxın Şərq qeyri-sabitliyi qəbilindən olan, tədricən şimala, Cənubi Qafqaza doğru qalxan digər faktorlar da mövcuddur. Belə şəraitdə Qarabağ kənarda qala bilməz, onun gələcək regional müharibələr çərçivəsində vasitəçilik rolu əhəmiyyətli dərəcədə artmaqdadır.

Regionun bu və ya digər ölkəsində keçirilən prezident seçkiləri, qeyd olunan hadisələrin inkişafını müəyyən edən faktorlarla müqayisədə, mütəmadi baş verən daha zəif siyasi “sərgüzəştlər”dir. Üstəlik, Rusiya, Ermənistan və Azərbaycanda əsas seçkilərin gedişi müəyyən çərçivədə ştat rejimindədir. Təbii ki, kimlərsə bundan sabitliyi pozmaq məqsədilə istifadə edəcək. Ancaq başlıca təhlükə digər mənbələrdən qaynaqlanır.

- 2017-ci ildə Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı baxış bucağında, daha dəqiq desək, “Lavrov planı” ilə Qərbin baxış bucağı arasında açıq-aşkar ixtilaflar ortaya çıxdı və bu, cəmiyyətin diqqətindən kənarda qalmadı. Sizcə, hansı plan Azərbaycan və Ermənistan üçün daha səmərəlidir?

- Bakı və İrəvanın üzləşdiyi yeni xarici təhdidləri nəzərə alsaq, Qarabağ üzrə “qapıları kənar şəxslərin üzünə bağlı olan” ikitərəfli danışıqlar formatı daha məqsədəuyğundur. Belə bir format zəruri siyasi intriqa yaradacaq. Sözügedən “Lavrov planına” gəlincə, RF xarici işlər naziri özü bildirib ki, belə bəlağətli adı olan heç bir plan yoxdur. Sadəcə, keçmişdə qəbul olunmuş bir yığın sənəd var ki, böyük istək olsa, onların əsasında istənilən an, istənilən ardıcıllıqda istənilən planı tərtib etmək olar.

Qərbin mövqeyinə gəlincə, bir sadə məsələni anlamaq vacibdir: Heç vaxt və heç bir şərtlə Qərb Azərbaycan torpaqlarının qaytarılmasını dəstəkləməyəcək. Belə ki, Azərbaycan ABŞ-ın yaxın tərəfdaşlarının, məsələn, Almaniyanın halqasında deyil. Həm Azərbaycan, həm Ermənistandan ayrı olan Qarabağ Qərb üçün hadisələrin inkişafı prizmasından daha əlverişli model hesab olunur.

Digər tərəfdən, keçmişdə Qarabağ probleminin həlli üçün qəbul olunmuş qərarların icra olunması ilə bağlı nominal çağırışları necə səsləndirirdisə, bundan sonra da belə çağırışların şahidi olacağıq, necə ki, 1994-cü ildə bunun şahidi olmuşduq. Burada təzə heç nə yoxdur. Bu baxımdan, Rusiya və Qərbin mövqeləri tam üst-üstə düşür. Bu mərhələdə Azərbaycan və Ermənistan üçün hadisələrin inkişafı baxımından ən qənaətbəşx variant irimiqyaslı regional müharibənin olmamasıdır. Əks təqdirdə, bu iki ölkə onun ağır fəsadlarından “sağ çıxmaya” bilər. Gec-tez İran da yerindən tərpədiləcək və Azərbaycan Qarabağ müharibəsi ilə daha böyük çəkisi olan müharibənin fərqini öz üzərində hiss edəcək.

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR