2025-ci il, mart ayının 12-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə energetiklər yaşayış massivində Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun xatirə bulağının qarşısında anım günü qeyd edilib. Bu münasbəti ilə təşkil olunan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, MDU, YAP şəhər təşkilatının sədri və partiya fəalları, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar şurasının sədri,təhsil sektoru və şəhidin oxuduğu məktəbin şagird,müəllim kollektivi iştirak ediblər. Əvvəlcə torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhlarına dualar oxunub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Daha sonra şəhidin barelyefinin qarşısına ehtiram əlaməti olaraq gül dəstələri düzülüb.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyirminci əsrin sonlarında ermənilərin Qarabağ bölgəsində başladığı müharibənin xalqımıza, dövlətimizə vurduğu zərbələrdən danışıb. Qeyd edib ki, o zaman müstəqilliyini yenicə bərpa edən gənc Azərbaycan dövlətində mövcud olan hakimiyyətin səriştəsizliyi sayəsində yurdumuzda xaos və anarxiya hökm sürür, bundan istifadə edən separatçılar isə işğalçılıq əməliyyatlarını çoxaldırdılar. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə atəşkəsin əldə olunmasına nail olmaqla ordu quruculuğuna başladı. Təbii ki, düşmənin müxtəlif hiylələri və təxribatları zamanı yüzlərlə vətən övladı həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Həmin illərdə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində düşmənin törətdiyi soyqırım hadisəsi xalqımızın tarixində acı səhifə yaratdı. Bu hadisələrə dözməyən və könüllü olaraq cəbhə bölgəsinə yollanan, Xocalıda bir kilsədə düşmənə qarşı təkbaşına və mətanətlə döyüşən, onlara ağır zərbələr vuran bizim həmiyerlimiz, Natiq Səlim oğlu Qasımov tariximizin şərəfli səhifəsini yaratdı, əlində saxladığı Azərbaycanın üçrəngli bayrağını göylərə qaldıraraq vətənpərvərlik məktəbini nümayiş etdirdi.
Anım günündə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov, Qarabağ əlili Əbülfət Babayev, şəhid anası İranə Həsənova, şəhidin qardaşı Nofər Qasımov çıxış edərək tariximizin qəhrəmanlıq səhifəsini yaradan şəhidlərimizin ruhuna ehtiramlarını bildirdilər, torpaqlarımızın uzun illərdən sonra azad olunmasını xalqımızın vətənpərvərlik tərbiyəsinin yüksək olmasından bəhrələndiyini qeyd etdilər.
Daha sonra 4 nömrəli məktəbin şagirdləri Milli Qəhrəman Natiq Qasımovun keçdiyi şərəfli ömür yolundan bəhs edən şeirlər,kiçik səhnəciklər ,mahnılar nümayiş etdiriblər.
Sonda xatirə şəkkiləri çəkdirilib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 0