dini radikalizm və ekstremizmlə mübarizə

Cavid Qədiroğlu poeziyasının inciləri


DAĞLAR
Bahar kimi sizə baxdım,
Bənzədiniz yaza,dağlar!
Sinənizə bir gül taxdım,
Siz gəldiniz naza,dağlar!

Vətənimin özüsünüz,
Təbiətin gözüsünüz,
Şairlərin sözüsünüz,
Yaraşdınız saza,dağlar!

Bu qəlbiniz şöləlidir,
Ətrafınız lalədir,
Lalənizdə jaləlidir,
Qalır hər an təzə,dağlar!


ƏYİLMƏZ ƏSGƏR
(Topçu Vüsal Şahkərimovun igidliyinə)
Əyilməz duruşun tərpətdi yeri,
Xalqımın qəlbini ümidli etdin.
Topunu əlindən qoymadın geri,
Döyüşdə sən ancaq irəli getdin.

Düşmənin ürəyi təşvişə düşdü,
Düşmənin başına zərbələr yağdı.
Bu vətən qəlbinə Allah yetişdi,
Ömrünə vətənli nəğmələr yağdı.

Səninlə canlandı döyüş torpağı,
Gözündə ucaldı Şuşa məskənim.
Qaldırdıq zəfərlə odlu bayrağı,
Səndən bir güc aldı Şuşa məskənim.


MÜŞFİQİN RUHU
(MİKAYIL MÜŞFİQƏ)
Sənət xəzinəsin yadigar qoyub,
Qızıl hərflərlə tarixdə qalıb.
Gülşən nəğməsini dünyaya yayıb,
Bu zəfər sözləri ömrünü alıb.

Ruhunu tutubdur sevdalı səhər,
Ay kimi görsənib parlaq gecəsi.
Onu bu dünyadan ayırıb kədər,
Gözündə zirvədir sevgi küçəsi.

Şeiri ürəkdən süzülüb onun,
Gözləri vurğundan tutub məhəbbət.
Geyinib əyninə misralı donun,
Çəkibdir sevdadan əzablı həsrət.


ULDUZLU GECƏ
Gecələr göyləri edirəm təsvir,
Ulduzla bir vurur azad ürəyim.
Səssizlik ruhuma eləyir təsir,
Sanki dinclik tapır rahat ürəyim.

Əlimi atıram sədəfli saza,
Xəyallar edərək şeir qoşuram.
Həyatım çevrilir çiçəkli yaza,
İçimdə qaynayıb birdən coşuram.

Elə bir şəm kimi qəlbim alışır,
Qərq olmuş gəmiyə bənzəyir küçə.
Gözlərim mənimlə birgə danışır,
Heç də istəmirəm bitsin bu gecə.


VƏTƏN QEYRƏTLİ ULUTÜRK
(Ölməz Şairimiz Xəlil Rza Ulutürkə)
Türküstan elinin oldun qüdrəti,
İstiqlal bayrağın ömrünə seçdin.
Canında var oldu vətən qeyrəti,
Azadlıq uğrunda mərhələ keçdin.

Xalqının ruhunu alova saldın,
İçində çağladı dərin məhəbbət.
Bu şanlı torpağa sən sadiq qaldın,
Millətə sözünlə elədin xidmət.

Azadlıq evində şeirin coşdu,
Ürəyin söykəndi vüqarlı dağa.
Qəlbində vətənin bu eşqi daşdı,
Bənzədi bu qəlbin çiçəkli bağa.


ALLAH BU DÜNYANI GÖZƏL YARADIB
Duyğu bağlarına güllər əkibdir,
Sevgi çağlarına naxış çəkibdir,
Kainat adında saray tikibdir,
Allah bu dünyanı gözəl yaradıb.

Ağıl meyvəsini verib insana,
Halallıq qatıbdır dönməz zamana,
Gözəllik bəxş edib dinə,imana,
Allah bu dünyanı gözəl yaradıb.

Gecəni boyayıb ulduza,aya,
Bərəkət bolluğu gəlməyir saya,
Məhəbbət salıbdır nurlu dünyaya,
Allah bu dünyanı gözəl yaradıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR