dini radikalizm və ekstremizmlə mübarizə

“Şəhərin qış gecələri”


GTTda 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunan yeni tamaşa

20 Yanvar faciəsindən otuz il ötür... Və hamımıza məlum olan bu acı həqiqət xatirimizdən, tarixi yaddaşımızdan silinmir. Silinməyəcək də. Çünki tarixini unudan xalqın, gələcəyi olmaz... Biz də unutmadıq... Onları səhnəyə gətirib bizə o anları yenidən yaşadan, oyunu ilə ruhumuza hakim kəsilən,göz yaşlarımıza səbəb olan yaradıcı heyət də, GTT da 20 yanvar faciəsinin 30 illiyinə həsr olunan Anarın "Şəhərin qış gecələri" quruluşçu rej. əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşası nümayiş olundu. Əvvəla, onu qeyd edim ki, səhnədə qurulan böyük ekran və tamaşa boyu xalqın etiraz, azadlıq aksiyalarının müasir vizual vasitələrlə canlanması, tamaşanın və süjet xəttinin daha canli, daha dinamik tamaşaçıya ötürülməsinə xidmət edir. Tamaşaçı ilə yaradıcı heyət arasında sıx bağlantı yaranır. Bu da rejissorun özünəməxsus yanaşmasıdır.
Tamaşanın mövzusu hər birimizə məlum olan həqiqəti əks etdirsə də, Anarın dəst xətti, özünəməxsus yanaşması, Bəhram Osmanov yaradıcılığı ilə tandemdə tamaşanın dolğun, tamaşaçı ruhunun ən dərin qatlarına təsir edəcək gücə malik olmasına bir daha zəmin yaratdı... Hiss etdin ki, sən də hadisənin bir parçasısan... Hələ finala doğru axan göz yaşlarını demirəm...
Aktyor oyununa gəldikdə isə baş rolun ifaçısı Elşən Rustəmov (res.əməkd.artisti) olduqca təbii və səmimi idi. Bu aktyorun bütün rolları uçub keçərli bir haldır... Amma təbii ki, bu rolun mühümlüyünü nəzərə alsaq, aktyorun ifasında bam-başqa çalarlar görərik... Elşən Rüstəmov səmimiyyəti, bəzən sakit baxışları, yalnız ona məxsus jestləri ilə tamaşaçını tez bir zamanda ələ almağı bacarır ki, bu da onun maraqlı və professional oyun üslubudur.
Kəmalə Muzəffərə (res. əməkd. artisti) gəldikdə isə ananın keçirdiyi bütün sarsıntıları, narahat ruh halını özunəməxsus emosianal şəkildə bizə çatdırır...
Digər aktyorlar da tamaşanın ümumi abu havasına təsir edərək, maraqlı oyun sərgilədilər:
Namiq rolunun ifaçısı Bəhram Həsənov, rolun öhdəsindən layiqincə gəldi. Və obrazın vətənpərvər ruhunu bizə aşılamağa nail oldu.
Çopur Cabbar rolunun ifaçısı Şövqi Hüseynov (res. əməkd. artisti), obrazın simasız, riyakar, qorxaq xarakterini incə ştrixlərlə işləməyi bacardı.
Digər, Firuz rolunun ifaçısı İlham Əsədov (res. əməkd. artisti) isə öz oyun tərzi ilə tamaşanın abu havasına rəng qatdı.
Ayrı ayrılıqda bütün aktyorların oyunu tamaşanın ümumi ahənginin tamamlıyırdı.
Heç bir tamaşaçı bu hadisələrə biganə qala bilmədi... Rejissor istər səhnə quruluşunda, istər aktyor seçimində, istərsə də rəssam və musiqi həllində hər şeyi o qədər düzgün, proffesional ayarlamağa nail olmuş ki, bütün bunlar vəhdətli şəkildə bütöv bir sənət nümunəsi yaratdı.
Tamaşanın bəstəkarı Xalq artisti Səyavuş Kəriminin musiqisi isə tamaşa boyu ruhumuza təsir etməyi bacardı. Tamaşanın quruluşçu rəssamı Arif Əbdürrəhmanov (əməkd. rəssam), rejissor assistenti isə Sona Mustafayevadır.
P.S Anarı çox sevirəm... Onun əsərləri ilə böyümüşəm, xəyallar qurmuşam... Sevimli yazıçımı bir də doğma teatrımda görmək məni çox kövrəltdi... Üstəlik xalqımızın faciəsini əks etdirən bir tamaşada... Yaxşı bilirəm ki, o da mənim qədər teatrı sevir, xalqının acısı, ağrısı da elə onun ruhundan keçib əsərlərə çevrilir... Onunla bir tamaşada oturub eyni hissləri yaşamağın da qürurunu təsəvvür edirsinizmi?
Budur möhtəşəm final anı... Alqışlar səngimək bilmir... Aktyorlar səhnəyə çıxır... Hər biri yorğun, həyəcanlı... Sevimli yazıçımız Anar da səhnəyə qalxır... Qalxır ki, bu sehrli anın sevincini yaşasın. Mən də onlar qədər həyəcanlıyam… Sevimli yazıçımın daha bir uğuruna şahid olduğumçün !

Təranə Feyzullayeva

Oxunub: 1 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR