Tamaşa başlandı... Həmişəki kimi hadisələrin gedişatından xəbərsiz- ətərsiz gözünü qırpmadan səhnəyə zilləyirsən. Dünyadakı hər şeyə təəccüblə baxan uşaq kimi... Bu adətən əvvəldə belə olur... Sona yaxın artıq bu uşaq böyüyür... Təəccüb itir... Və hər şey öz axarında davam edir...
Ən əvvəl ondan başlayım ki, böyük ekranla səhnənin təması o qədər tandemdədir ki, sanki teatrlaşmış bir filmə baxırsan... Bu da müasir tamaşaçının tələblərini nəzərə alsaq, rejissor tərəfindən düzgün müəyyən edilib və tamaşanın dinamik xəttinə xidmət edir...
Rejisor işi təqdirəlayiqdir... Ayrı ayrı səhnələrin tamaşaçının gözü önündə dəyişməsi, telefondakı ecazkar səsin ayrı bir onraza çevrilməsi və əlbəttə ki, aktyor oyununun mükəmməlliyi rejissor Əbdül Qani Əliyevin sərrast və fəlsəfi düşüncəsinin məhsuludur desək yanılmarıq... Rejissor kiçik həcmli tamaşada böyük fəlsəfi nüansları qabardır...
Əlbəttə ki, müəllifin maraqlı əsəri əsasında. Çünki hər şey öncə dramaturji materialdan başlayır ki, bu məqamda da müəllifin uğurunu qeyd etməsək olmaz.
"Köhnə telefon" tamaşası əslində sadə bir süjet əsasında qurulub... Köhnə telefonla uşaq arasındaki sehrli rabitə... Və bu rabitənin illər uzunu onun yaddaşına, ruhuna hopması...
Telefondakı ecazkar səsin yaratdığı harmoniya, bu səsə yaxınlaşmaq, bu möcüzəni əlçatan etmək arzusu... Və illər ötdükcə bu arzunun daha da alovlanması... Əslində hər bir insan həyatında möcüzə gözləyir... Əsas deyil bu möcüzəni aşkarlamaq ona çatmaq, əsas odur ki, insan onu hiss etsin, onun varlığına inansın... Bizim baş qəhrəman Polardın inandığı kimi...
Hikmət Rəhimov bu tamaşanın əsas aparıcı qüvvəsidir. Və əgər desəm ki, öz möhtəşəm oyunu ilə bütün aktyorlara meydan sulayır bəlkə də doğru olar. Bir tamaşada bir neçə rolun öhdəsindən gəlmək o qədər də asan deyil. Hikmət Rəhimovun oyunu tamaşaçını vadar edir ki, diqqətini ondan ayırmasın. Hətta bir anlıq belə... Polardın uşaqlığını o qədər şirin və çılpaq çatdırır ki, onu əzizləmək qayğısına qalmaq istəyirsən... Hikmət Rəhimov ilə səhnə arasında adi yox möcüzəvi bir bağ var... O bunu cox gözəl hiss edir və öz tamaşaçısını da bu möcüzənin arxasınca aparır... Baxın, yalnız bu sevgilərdən böyük əsərlər, böyük tamaşalar, böyük rollar yaranır... Hikmətin teatra sevgisi böyükdür...
Sonra tamaşanın tən ortasında onun söylədiyi monoloq... Bir sozlə möhtəşəm!
Tamaşada aktrisa Münəvvər Əliyevanı görmək və məhz Hikmət Rəhimovla yenə də tərəf müqabili kimi əlbəttə maraqlı idi. Çünki illər öncə bu cütlük "Qatil"də böyük performans sərgiləmişdilər ki, bu da tamaşaçının xüsusi rəğbətini qazanmışdır... Aktrisa səhnədə sevilir, onu olduğundan daha çox görmək istəyirsən... Əfsus ki, tamaşanın da öz qayda-qanununa uymaq məcburiyyətindəsən... Münəvvər Əliyeva o aktisalardandır ki, onun səhnəyə gəlişi, sərgilədiyi profesional oyun üslubunun sehrinə düşməmək qeyri-mümkündür.
Və nəhayət köhnə telefondakı o səs...
O səs ki, saatlarca qulaq asmaq istərdik... O səs ki, tamaşada layiqli obrazlardan birinə çevrilərək bizi ovsunlamağı bacardı... Gözəl və dəyərli jurnalist-aparıcı Lalə Əliyevanın səsi idi bu səs... Rejissor bu dəfə də düzgün hədəfə doğru irəlilədi və öz xanımına bu obrazı həvələ etdi. Məhz "obraz"ı...Çünki adi səs deyib keçməyək...
Tamaşa bitdi... Əsas fonda "o" göründü... Fuad Poladov... İşığına toplaşdığımız böyük insan, böyük sənətkar!... Elə bildim təkcə mənim göz yaşlarım sel kimi axır...Yox bütün zal ağlayırdı... Hər şey kino lenti kimi göz önümdən keçdi... Metroda qarşılaşdığımızdan (mən də sahildə çalışırdım) müsahibə aldığım, ayrı ayrı tədbirlərdə qarşılaşdığımız anlaradək... Həyat qısaymış sən demə... Amma bu qısalığı da əbədi ölümsüz etmək olarmış... Necə ki, o, bunu bacardı...
P.S. Tamaşadan ayrılıram... Qızım tamaşa haqqında sevinclə fikirlərini söyləyir... Fuad Poladovu canlı gördüyündən, Hikmət Rəhimovun oyunundan danışır...Gözlərində bir işıq görürəm... Bu sabaha, sənətə, insanlığa doğru yanan işıqdır... Bu işığı yandıran, onu əsla sönməyə qoymayan hər kəsə bir təşəkkür borcu keçir ürəyimdən...
Təranə Feyzullayeva
Oxunub: 892